Qaranamaz

Qaranamaz (Yeniyol) – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Rayon mərkəzindən 27 km şimal-şərqdə, dəniz səviyyəsindən 2027 m yüksəklikdə yerləşir.

Kənddə yalnız azərbaycanlılar yaşamışlar. 1886-cı ildə kənddə 285, 1897-ci ildə 406, 1908-ci ildə 559, 1914-cü ildə 541 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin may ayında türk ordusunun önündən geri çəkilən Andranikin komandanlığında erməni silahlı dəstələri Qaranamaz kəndində qırğın törətmişdir. Qırğınlardan bir neçə nəfər qaçıb canını qurtara bilmiş, saağ qalan əhali isə Qars vilayətinə qaçmışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci il ilin fevralında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd yenidən dağıdılmış, əhalisinin bir qismi Qars vilayətinə, bir qismi də İranın Gümrüdəki konsulluğu vasitəsilə Urmiya və Səlmas əyalətlərinə köç etmişdir. 1921-ci il Qars müqaviləsindən sonra kəndin əhalisinin bir qismi kəndə qayıtmışdır. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra, 1921-ci il Qars müqaviləsinə əsasən kənd Ağbaba nahiyəsinin tərkibində Aleksandropol qəzasına daxil edilmişdir. Kənddə 1922-ci ildə 476, 1926-cı ildə 451, 1931-ci ildə 471 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə kənddə 1272 nəfər azərbaycanlı yaşamışdır ki, onlar da 1988-ci ildə təcavüzə məruz qalaraq erməni quldurları tərəfindən doğma kəndlərindən qovulub çıxarılmışlar.

1935-ci il yanvarın 3-də kəndin adı dəyişdirilərək “Yeniyol”, 1991-ci il aprelin 19-da isə “Ağvorik” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°04′ şm. e., 43°45′ ş. u.