Qaraməhəmməd

Qaraməhəmməd – keçmiş Tiflis quberniyasının Borçalı (Lori-Pəmbək) qəzasında, sonralar keçmiş Cəlaloğlu (Stepanavan) rayonunda, hazırda isə Lori vilayətində kənd. Cəlaloğlu (Stepanavan) yaşayış məntəqəsinin mərkəzindən 6 km şimal-şərqdə yerləşir. Kəndin adı “Qaraməmməd” formasında da işlədilir. XIX əsrin əvvəllərinə qədər burada azərbaycanlılar yaşamışdır. Yaşayış məntəqəsinin ərazisi XIX əsrin əvəllərində Rusiya tərəfindən işğal edildikdən sonra azərbaycanlılar sıxışdırılaraq kənddən çıxarılmış, Rusiyanın Saratov və Kursk qəzalarından köçürülən ruslar burada yerləşdirilmişlər.

Burada 1831-ci ildə 18 nəfər yalnız azərbaycanlı, 1926-cı ildə ruslara yanaşı 6 nəfər, 1931-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərin axırlarında azərbaycanlılar kənddən çıxarılmışdır. 1988-ci ilə kimi burada yalnız ruslar yaşamışdır. 1988-ci ildən sonra ruslar da ermənilər tərəfindən sıxışdırılıb kənddən çıxarılmışdır.

Toponim Qaraməhəmməd şəxs adı əsasında əmələ gəlmişdir.

Kəndin adı 1801-ci ildə dəyişdirilərək Rusiya çarının şərəfinə “Aleksandrovka” qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 22 fevral 1939-cu il tarixli fərmanı ilə adı yenidən dəyişdirilərək rus yazıçısı Maksim Qorkinin şərəfinə “Qorki” qoyulmuşdur. Ermənistanın prezidentinin 8 avqust 1991-ci il tarixli fərmanı ilə kəndin adı yenidən dəyişdirilərək “Bovadzor” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°02′ şm. e., 44°24′ ş. u.