Qarahəmzəli

Qarahəmzəli – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 4,5 km şimal-qərbdə, dəniz səviyyəsindən 830 m hündürlükdə yerləşir. Kəndin digər adı “Tamamlı” olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışlar. Ermənilər bura 1828-ci ildən sonra İrandan köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 55 nəfər, 1873-cü ildə 192 nəfər, 1886-cı ildə 247 nəfər, 1897-ci ildə 269 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar erməni silahlı dəstələrinin törətdikləri soyqırımına məruz qalaraq kənddən deportasiya olunmuşlar. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 143 nəfər, 1926-cı ildə 157 nəfər, 1931-ci ildə 167 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim qarahəmzəli nəsil adı əsasında əmələ gəlmişdir.

1920-ci ildə kəndin adı dəyişdirilərək “Tamamlı”, daha sonra yenidən dəyişdirilərək “Burastan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°59′ şm. e., 44°29′ ş. u.