Qaradığa

Qaradığa – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 12 km şimal-şərqdə, dəniz səviyyəsindən 1225 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Kəndin başqa adları “Qaraunlu”, “Qaranka”, “Qardağa” formalarında da göstərilir. Qafqazın beşverstlik xəritəsində “Qaradıqya” formasında qeydə alınmışdır. Burada IX–X əsrlərə aid alban abidələri vardır.

Kənddə 1831-ci ildə 25 nəfər, 1873-cü ildə 200 nəfər, 1886-cı ildə 332 nəfər, 1897-ci ildə 213 nəfər, 1904-cü ildə 198 nəfər, 1914-cü ildə 184 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni silahlı dəstələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuş, yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra 1923–1924-cü illərdə öz doğma evlərinə dönə bilmişdilər. Burada 1926-cı ildə 95 nəfər, 1931-ci ildə 125 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən 1948-ci ildə kənddən 5 ailə (28 nəfər) azərbaycanlı zorla Azərbaycana deportasiya edilmişdir. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından tamamilə qovulmuşlar. Hazırda kənddə ermənilər yaşayır və kənd “Vanek” adlanır.

Toponim türk dilində “böyük, iri” mənasında işlənən qara sözü ilə türk dilində “təpə, zirvə” mənasında işlənən “tiqey” sözünün fonetik forması olan “dıqya”→“dığa” sözündən əmələ gəlmişdir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°17′ şm. e., 46°21′ ş. u.