Qaraçanta

Qaraçanta – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 22 km şimal-qərbdə, Gümrü-Amasiya yolunun sol tərəfində, dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

1886-cı ildə 348 nəfər, 1897-ci ildə 440 nəfər, 1908-ci ildə 665 nəfər, 1914-cü ildə 729 nəfər azərbaycanlı yaşamışdır. 1937-ci ilədək əhalisi qarapapaqlar kimi qeydə alınmışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci ilin fevral ayında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisinin bir qismi Qars vilayətinə, bir qismi də İranın Gümrüdəki konsulluğu vasitəsilə İranın Urmiya və Səlmas əyalətlərinə köç etmişdir. 1921-ci il Qars müqaviləsi ilə kənd Ağbaba nahiyəsinin tərkibində Sovet Ermənistanına daxil edilmişdir. Bundan sonra kənd əhalisinin bir qismi kəndə qayıtmışdır. 1922-ci ildə kənddə 547 nəfər, 1926-cı ildə 670 nəfər, 1931-ci ildə 688 nəfər, 1939-cu ildə 774 nəfər, 1959-cu ildə 803 nəfər, 1970-ci ildə 1442 nəfər, 1980-cı ildə 1490 nəfər, 1987-ci ildə 1600 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr–dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə, əsasən, Gürcüstanın Axılkələk və Boqdanovka (Ninosminda) rayonlarından gələn ermənilər məskunlaşmışlar.

Toponim qaraçanta nəsil adı əsasında yaranmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 may 1939-cu il tarixli fərmanı ilə adı dəyişdirilərək “Əzizbəyov”, Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə yenidən adı dəyişdirilərək “Areqnadem” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°55′ şm. e., 43°45′ ş. u.