Qaraburun

Qaraburun – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 56 km şimal-qərbdə, Alagöz dağının ətəyində, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir.

Toponim türk dilində “böyük, iri” mənasında işlənən qara sözündən və “irəli çıxan və ya suya doğru uzanan”, “dağ çıxıntısı, dağın qolu, sıldırımlı qaya” mənasında işlənən burun sözündən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 31 iyul 1950-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Karmraşen”, 21 yanvar 1965-cı il tarixli fərman ilə yenidən dəyişdirilərək “Karakert” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°26′ şm. e., 43°56′ ş. u.