Qarabulaq

Qarabulaq – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 21 km şimal-şərqdə, Abaran çayının sol tərəfində, dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin digər adı “Yuxarı Qapılı” olmuşdur.

Ermənilərin Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişdir.

Toponim Azərbaycan dilində “içməyə, istifadəyə az yararlı”, “ağır, aşağı keyfiyyətli su”, “çirkli, bulanıq su mənasında işlənən “qara” sözü ilə “bulaq” sözünün birləşməsindən əmələ gəlib “Qarabulağın yanında salınan kənd” mənasını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 iyul 1946-cı il tarixli fərmanı ilə adı yişdirilib “Yerincatap” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°27′ şm. e., 44°27′ ş. u.