Qarabulaq

Qarabulaq – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 41 km şimal-qərbdə, Arpa gölün qərbində, dəniz səviyyəsindən 2050 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1886-cı ildə 185 nəfər, 1905-ci ildə 295 nəfər, 1908-ci ildə 352 nəfər, 1914-cü ildə 382 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci ilin fevral ayında Ermənistan silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisi Qars vilayətinə köç etmişdir. 1921-ci il Qars müqaviləsindən sonra kənd əhalisinin bir qismi kəndə qayıtmışdır. 1931-ci ildə kənddə 179 nəfər, 1970-ci ildə 215 nəfər, 1987-ci ildə 293 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən bir daha tarixi-etnik torpaqlarından qovulmuşdur. Hazırda kənddə Gürcüstanın Axılkələk və Boqdanovka (Ninosminda) rayonlarından gələn ermənilər məskunlaşmışlar.

Toponim “keyfiyyətsiz, içməyə yararlı olmayan” mənasını verən “qara” sözü ilə “bulaq” hidroterminindən əmələ gəlmişdir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Şağik” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°02′ şm. e., 43°35′ ş. u.