Qapılı

Qapılı – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Ağin (Ani) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 21 km cənub-qərbdə, Arpaçayın yaxınlığında, İrəvan-Gümrü yolunun üstündə, dəniz səviyyəsində 1500 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Ədirnə (1829) müqaviləsinə əsasən ermənilərin İrəvan xanlığının ərazisinə köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişlər. Ermənilər bura 1829–1830-cu illərdə Türkiyənin Ələşkirt, Ərzurum və Muş vilayətlərindən köçürülüb gətirilmişlər.

Kəndin yaxınlığında urartu dövründən qalma uçuq qalanın qalıqları və divarları indi də qalır.

Toponim türk dilində “dar dərənin yarıqlara bölünmüş yuxarı hissəsi”, “dağ yamacında dərə” mənasında işlənən “qapı”sözünə “-lı” şəkilçisinin artırılması ilə əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 fevral 1947-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Qusanaqyuğ” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°40′ şm. e., 43°47′ ş. u.