Qamışqut

Qamışqut – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Böyük Qarakilsə (Kirovakan, Quqark) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə şəhərindən 21 km şimal-şərqdə, Pəmbək çayının sağ sahilində, dəniz səviyyəsindən 1000 m hündürlükdə yerləşir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tədricən tərk etmişdir.

Toponim qamış bitki adı ilə qədim türk dilində “kəndin, yaşayış məntəqəsinin yaxınlığında qoyunların salındığı yer” mənasında işlənən “kotan” (qut) sözünün birləşməsindən əmələ gəlmişdir. “Qamışdan qoyunları saxlamaq üçün düzəldilən yer” mənasını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Yeğeqnut” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°54′ şm. e., 44°37′ ş. u.