Qamışlı

Qamışlı – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 13 km cənub-şərqdə, Böyük Qarasu çayının yanında, dəniz səviyyəsindən 845 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeyd olunmuşdur.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Türkmənçay (1828) müqaviləsinə əsasən ermənilərin bölgədə məskunlaşdırılmasından sonra azərbaycanlı əhali kəndi tədricən tərk etmişdir.

Toponim Azərbaycan dilində işlənən “qamış” bitki adına “-lı” şəkilçisinin artırılması ilə əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Zartonk” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°06′ şm. e., 44°09′ ş. u.