Qaladərəsi

Qaladərəsi – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunda, hazırda isə Sünik vilayətində kənd. Gorusdan 21 km məsafədə, dəniz səviyyəsindən 1350 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Türkmənçay (1828) müqaviləsinə əsasən ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tədricən tərk etmişdir.

Toponim ərəb dilində “möhkəmləndirilmiş yer, şəhər” mənasında işlənən “qala” sözü ilə Azərbaycan dilində “iki dağ və ya təpə arasında, düzənlikdə uzun, dərin çuxur” mənasında işlənən “dərə” sözünün birləşməsindən əmələ gəlib “dərədə yerləşən qala yanında olan kənd” mənasını ifadə edir.

Kəndin yerində salınan kənd hazırda “Halidzor” adlanır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°24′ şm. e., 46°17′ ş. u.