Qalacıq

Qalacıq – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonu, hazırda isə Sünik vilayəti ərazisində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 115 km şimal-qərbdə, Bazarçay çayının sağ sahilində, Bazarçay kəndindən 4 km şimal-şərqdə, dəniz səviyyəsindən 1530 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Türkmənçay (1828) müqaviləsinə əsasən ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tədricən tərk etmişdir.

Toponim “qala” (qələ) sözünə kiçiltmə mənası bildirən “-cıq” şəkilçisinin artırılması əsasında yaranmışdır.

Kəndin adı qeyri-rəsmi şəkildə dəyişdirilərək “Spandaryan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°37′şm. e., 45°54′ ş. u.