Qafan

Qafan – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, hazırda Sünik vilayətində şəhər. Oxçuçayın sahilində, İrəvan şəhərindən 320 km məsafədə, dəniz səviyyəsindən 910 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. 1938-ci ildən respublika tabeliyində şəhərdir. 1930-cu ilin sentyabrın 9-da Qafan rayonu təşkil edilmişdir. Hazırda Sünik vilayətinin mərkəzidir.

Orta əsrlərdən başlayaraq Qafanda mis-molibden mədənləri tapılmış və mis istehsalı geniş vüsət almışdır. XIX əsrin ortalarında fransızlar Qafanda o dövr üçün müasir sayılan avadanlıqlarla təchiz edilmiş mis istehsalı zavodu qurmuşdular. Burada əridilən mis Avropanın bir çox ölkələrinə satılırdı.

Qafanda 1873-cü ildə 132 azərbaycanlı, 388 erməni, 1886-cı ildə 270 azərbaycanlı, 785 erməni yaşamışdır. 1918–1920-ci illərdə erməni silahlı dəstələri kütləvi qırğınlar törətmiş, sağ qalan azərbaycanlılar kəndi tərk etmişlər. 1922-ci ildə Qafanda 70 azərbaycanlı, 1047 erməni, 1931-ci ildə 101 azərbaycanlı 2895 erməni yaşamışdır. Qafana respublika tabeli şəhər statusu verilməsi üçün ətrafdakı 4 erməni kəndi və Şəhərcik və Açağu azərbaycanlı kəndləri Qafana birləşdirilmiş, nəticədə şəhərin azərbaycanlı əhalisinin sayı təqribən 5000 nəfərə çatmışdı. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən 1948-ci ildə Qafan şəhərindən 3 ailə (12 nəfər) zorla Azərbaycana deportasiya edilmişdir.

Şəhərin adı keçmişdə mövcud olmuş indiki Qafan şəhərindən 10 km şimal-qərbə doğru, Oxçuçayın sağ sahilində yerləşmiş Qafan (Qapan) kəndinin adı ilə bağlıdır. Erməni müəlliflərinin əsərlərində “Ğapan” formasında qeyd edilir.

Toponim peçeneq türk tayfasına mənsub “Qafan” etnonimindən əmələ gəlmişdir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati mərkəzi təsdiq edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°12′ şm. e., 46°24′ ş. u.