Qabaxlı

Qabaxlı – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Paşalı (Əzizbəyov, Vayk) yaşayış məntəqəsindən 7-8 km cənub-qərbdə, Dərələyəz dağlarının ətəyində, Arpaçayın qolu olan Qabaxlı selavının sahilində yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 33 nəfər, 1873-cü ildə 201 nəfər, 1886-cı ildə 270 nəfər, 1897-ci ildə 273 nəfər, 1904-cü ildə 235 nəfər, 1914-cü ildə 258 nəfər, 1916-cı ildə 364 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 103 nəfər, 1926-cı ildə 90 nəfər, 1931-ci ildə 108 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “qabaq” türk tayfa adına mənsubluq bildirən “-lı” şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. “Qabaq tayfasına mənsub yaşayış yeri” mənasını verir.