Qabaxlı

Qabaxlı – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunun, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd. Misxana (Marmarik) çayının yaxınlığında yerləşmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 94 nəfər, 1886-cı ildə 138 nəfər, 1897-ci ildə 154 nəfər, 1908-ci ildə 181 nəfər, 1914-cü ildə 431 nəfər, 1916-cı ildə 190 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdirlər. 1922-ci ildə kənddə 87 nəfər, 1926-cı ildə 87 nəfər, 1931-ci ildə 128 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “qabaq” türk etnoniminə mənsubluq bildirən “-lı” şəkilçisinin artırılması yolu ilə düzəlib “qabaq tayfasının yaşadığı kənd” anlamını ifadə edir.