Qabaxlı

Qabaxlı – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Yeğeqnadzor yaşayış məntəqəsindən 16 km şimal-şərqdə, Arpaçayın sol sahilində, dəniz səviyyyəsindən 1850 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 45 nəfər, 1873-cü ildə 268 nəfər, 1886-cı ildə 429 nəfər, 1897-ci ildə 566 nəfər, 1904-cü ildə 614 nəfər, 1914-cü ildə 675 nəfər, 1916-cı ildə 763 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalan kənd sakinləri deportasiya olunmuşdur. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlıların bir qismi öz kəndlərinə dönə bilmişdilər. Burada 1922-ci ildə 59 nəfər, 1926-cı ildə 217 nəfər, 1931-ci ildə 330 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın axırlarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən tamamilə tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim qabaq türk tayfasının adına, mənsubluq bildirən “-lı” şəkilçisinin artırılması ilə düzəlib “qabaq tayfasına mənsub yer, kənd” mənasını bildirir. Ermənistanda, qışı Qarabağda keçirən türk tayfalarından biri “qabaq” adlanırdı.

Ermənistan prezidentinin 8 avqust 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Qoxtanik” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°52′ şm. e., 45°28′ ş. u.