Qabaqtəpə

Qabaqtəpə – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 61 km şimal-qərbdə, dəniz səviyyəsindən 1380 m hündürlükdə yerləşir.

Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən ermənilərin köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişlər.

Toponim “ön hissə, ön tərəf” mənasında qabaqsözü ilə Azərbaycan dilində “kiçik, alçaq dağ” mənasında işlənən “təpə” sözünün birləşməsindən əmələ gəlib “qabaq təpə yanında olan kənd” anlamını verir.

Ermənistan parlamentinin 4 iyul 2006-cı il qərarı ilə kəndin adı dəyişdirilərək “Ddmasar” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°21′ şm. e., 43°50′ ş. u.