Qəmərli – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 38 km cənub-şərqdə, Böyük Qarasu çayının yanında, dəniz səviyyəsindən 855 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kəndin digər adı Gözlü Qəmərli olmuşdur. Kənddə 1831-ci ildə 127 nəfər, 1873-cü ildə 295 nəfər, 1886-cı ildə 347 nəfər, 1897-ci ildə 408 nəfər, 1904-cü ildə 411 nəfər, 1914-cü ildə 436 nəfər, 1916-cı ildə 425 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq sakinləri- azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilmiş və Türkiyədən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim qəmər (antik mənbələrdə kimmer) türk tayfa adına mənsubluq bildirən “-li” şəkilçisinin artırılması ilə əmələ gəlib “qəmər (kimmer) tayfasının yaşadığı kənd” mənasını bildirir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 iyul 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Metsamor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°04′ şm. e., 44°17′ ş. u.