Qəhrəman Qəhrəmanov

Qəhrəman Mehdiqulu oğlu Qəhrəmanov 1925-ci il dekabr ayının 26-da Qərbi Azərbaycanın Qafan rayonunda anadan olmuşdur. Buradakı Oxtar kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirmiş, 1952-ci ildə İnstitutun müalicə-profilaktika fakültəsini qurtarmışdır. İnstitutda təhsil alarkən Stalin təqaüdçüsü olduğuna görə ali təhsili başa çatdırdığı il normal fiziologiya üzrə aspiranturaya daxil olmasına icazə verilmişdir.

1958-ci ilin may ayında Azərbaycan Tibb İnstitutunun elmi şurasında “İnteroreseptorlara qıcıq verilməsinin Asetilxolen mübadiləsinə təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Elmi rəhbəri Azərbaycan ЕА-nın akademiki, professor А.Qarayev olmuşdur.

Qəhrəman Qəhrəmanov 1960–1966-cı illərdə SSRİ Elmlər Akademiyasının Normal və Patoloji Fiziologiya İnstitutunun “Mərkəzi sinir sisteminin ümumi fiziologiyası laboratoriyası”nda “Baş beyin fəaliyyətinin xolinerqiq və adrenerqiq mexanizmlərinə dair” mövzuda doktorluq dissertasiyasını hazırlayıb 1966-cı ilin fevralında müdafiə etmişdir. 1966–1970-ci illərdə Azərbaycan Tibb İnstitutunun normal fiziologiya kafedrasının professoru, 1970–1991-ci illərdə həmin kafedranın müdiri olmuşdur.

Qəhrəman Qəhrəmanov 1971-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, 2000-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Qəhrəman Qəhrəmanov 150-dən çox elmi nəşrin, 3 dərsliyin və bir çox monoqrafiyanın müəllifi olmuşdur. O, 5 fevral 2006-cı ildə vəfat etmişdir.

Mənbə:
Əsgər Zeynalov, İrəvan ziyalıları (Bakı: Oğuz eli, 1999)