Qəşəm Şahbazov

Qəşəm Cəlil oğlu Şahbazov 1902-ci ildə İrəvan quberniyası Qəmərli qəzasının Qarahəmzəli kəndində anadan olmuşdur. Atası Cəlil kişinin böyük ailəsi vardı, övladlarından ən kiçiyi Qəşəm idi.

İlk təhsilini öz doğma kənd məktəbində alan Qəşəm 1928-ci ildə Bakıya gələrək S.Ağamalı oğlu adına Texnikuma daxil olmuşdur. О, sonra Gəncə Kənd Təsərrüfatı İnstitutunda təhsilini davam etdirmişdir.

Qəşəm Şahbazov üç il Basarkeçər rayonunda su idarəsinin rəisi işləmiş və sonra İrəvan şəhərinə köçərək orada 1941-ci ilə kimi “Sovet Ermənistanı” qəzetinin redaksiyasında kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

İkinci dünya müharibəsi illərində Qəşəm Şahbazov Qərbi Azərbaycanın müxtəlif rayonlarında – Vedi, Qarabağlar, Zəngibasar rayonlarında birinci və ikinci katib vəzifələrində işləmişdir.

Zəngibasar rayonunun son azərbaycanlı birinci katibi (1947–1950-ci illərdə) Qəşəm Şahbazov olmuşdur.

1948–1953-cü illərdə, azərbaycanlıların Ermənistandan SSR-dən köçürülməsi illərində Q.Şahbazov azərbaycanlıların öz doğma torpaqlarından məcburi surətdə köçürülməsinə özünün etirazını bildirmiş və məhz buna görə Ermənistan rəhbərliyi tərəfindən cəzalandırılmışdır. О, Zəngibasar rayonunun birinci katibliyindən köçürmə yolu ilə 1950-ci ildə Bakıya Ali Partiya məktəbinə oxumağa göndərilmişdir. Beləliklə Zəngibasarın sonuncu azərbaycanlı birinci katibi uzaqlaşdırılan kimi onun yerinə erməni millətindən olan birinci katib təyin edilmiş və bu ənənəyə çevrilmişdir.

Qəşəm Şahbazov əvvəllər Ermənistan KP Mərkəzi Komitəsinin şöbə rəisinin müavini vəzifəsində çalışmışdır. О, Bakı Ali Partiya məktəbini bitirdikdən sonra ömrünün sonunadək Bakıda yaşamış, müxtəlif sahələrdə ictimai fəaliyyətini davam etdirmişdir.

Qəşəm Şahbazov 1989-cu ildə 87 yaşında dünyasını dəyişmişdir.

Mənbə:
Əsgər Zeynalov, İrəvan ziyalıları (Bakı: Oğuz eli, 1999)