İrəvan Dövlət Azərbaycan Dram Teatrı (1880–1949)
İrəvan Azərbaycan teatrı milli səhnə sənətimizin tarixi salnaməsində xüsusi yer tutur. Özünün yaradıcılıq və üslub forması olan, mürəkkəb, ziddiyyətli proses keçən İrəvan teatrını iki mərhələdə təqdim edib öyrənmək lazımdır. Teatrın yaradıcılığının birinci mərhələsi həvəskarlıq fəaliyyəti ilə bağlıdır. İkinci mərhələni isə kollektivin İrəvan Dövlət Azərbaycan Dram Teatrı kimi yaradıcılıq prosesi müəyyənləşdirib.
Vaxtilə eyniadlı Azərbaycan xanlığının mərkəzi olmuş İrəvan şəhəri XIX əsrdə azərbaycanlıların iri mədəniyyət mərkəzlərindən biri idi. 1870-ci illərdə şəhərdə türk-rus dillərində məktəblər açılmışdı. Vaxtaşırı şeir-sənət məclisləri, musiqi axşamları keçirilirdi. Novruz, Qurban və Orucluq bayramlarında meydan tamaşaları, “Kosa-kosa”, “Qaravəlli” və müxtəlif mərasim oyunları göstərilirdi.
1882-ci ilin əvvəllərində İrəvan şəhər gimnaziyasının müəllimi, tanınmış maarifpərvər Məşədi İsmayıl özünün şagirdləri ilə Vasaq Mədətovun “Tamahkarlıq düşmən qazanır” pyesini tamaşaya hazırlayıb. Bununla da İrəvanda peşəkar Azərbaycan teatrının təməli qoyulub. Həmin əsər ikinci dəfə 1882-ci il aprel ayının 2-də təzə ifaçılarla oynanılıb. Əsas rolları müəllim və şagirdlərdən Mizrə Xəlil Hacıyev (Məmmədqulu), Rüstəmxan Abbasquluxanov (Fətəli Mirzə), Məşədi İsmayıl (Hacı Fərəc) oynayıblar. Hər iki hadisə İrəvanın mədəni həyatında mühüm hadisə kimi qəbul olunub və xeyli ziyalı bu maarifçilik prosesinə qoşulub. Teatr prosesini unudulmağa qoymayan ilk növbədə Məşədi İsmayıl olub və o, 1883-cü il mart ayının 10-da İrəvan sakini Rzayevin “Könülsüz nigah” birpərdəli didaktik pyesini tamaşaya qoyub. İki il sonra görkəmli maarifpərvər, pedaqoq İrəvan şəhər seminariyasının müəllimi Firudin bəy Köçərli teatr prosesini daha da canlandırmaq üçün səylə çalışmağa başlayıb. Onun fədakarlığı sayəsində teatr həvəskarları bir yerə cəmləşiblər. Onlar Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının tamaşaçılara göstərilməsinə nail olublar.
İrəvan teatr həvəskarları tərəfindən Firudin bəy Köçərlinin rəhbərliyi və rejissorluğu ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” (21 mart 1888), təkrar quruluşda “Müsyö Jordan və dərviş Məstəli şah” (4 aprel 1890), “Hacı Qara” (20 oktyabr 1894), Rzayevin “Könülsüz nikah” (17 fevral 1890), Vasaq Mədətovun “Tamahkarlıq düşmən qazanır” (10 may 1892), “Qırt-qırt” (30 noyabr 1893), Sultanməcid Qənizadənin “Dursunəli və ballıbadı” (7 mart 1895) pyesləri tamaşaya hazırlanıb. Tədricən güclənən teatr prosesinə şəhərin zadəgan ziyalıları Təkinskilər, Qazıyevlər, İrəvanskilər, Pənah xan Makinski yaxından mənəvi və maddi köməklik göstəriblər.
Səhnəyə ilk dəfə 1897-ci ildə çıxan, istedadını tezliklə göstərə bilən Yunis Nuri 1890-cı ildən rejissor və aktyor kimi aparıcılığı ələ alaraq peşəkar teatrın daha da canlanmasına, tamaşaların il ərzində əvvəlkilərlə müqayisədə daha çox göstərilməsinə nail olub. Pənah xan Makinski isə səhnə həvəskarlarını xurafatın, nadanlığın fitnəkarlığından qorumaq üçün tamaşaların oynanılmasını öz sarayında təşkil edib. İyirminci əsrin əvvəllərində isə teatr tamaşaları “İctimai yığnaq” (“Ziyalılar klubu” da deyilib), Canpoladov qardaşlarının teatr binalarında da oynanılıb. Artıq müəyyən birlik yaranmış truppada Hüseyn Salmanov, Məmmədağa Şahtaxtlı (Şahtaxtinski), Rza Şeyxzadə, Mirzə Mustafa Rəcəbov, Asəf bəy Şəfibəyov, Kərim Əhmədov, Əli Məhzun Əkbərov, Mir Abbas kimi həvəskar aktyorlar vardı.
1900–1917-ci illərdə İrəvanda Azərbaycan teatrı aktyor ifaları, rejissor işləri və repertuar tərtibi baxımından ciddi nailiyyətlər qazanıb. Bu illərdə Bakının müxtəlif teatr truppalarının üzvləri dəstə bağlayıb Qafqazın ayrı-ayrı şəhərlərinə, o cümlədən İrəvana qastrol səfərlərinə çıxıblar. Hüseyn Ərəblinskinin, Əbülfət Vəlinin, Sidqi Ruhullanın, Mirzağa Əliyevin, Cəlil Bağdadbəyovun, bəstəkar Zülfüqar bəy Hacıbəylinin İrəvandakı qastrolları yerli həvəskarların daha şövqlə çalışmalarına, yeni-yeni peşəkarlıq səciyyələrinə yiyələnmələrinə təkan verib.
Məhz həmin dövrdə İrəvanın teatr həvəskarlarının repertuarında əlvanlıq, zənginlik və janr müxtəlifliyi genişlənib. Repertuarda Nəriman Nərimanovun “Nadir şah”, Yevgeni Çirkovun “Yəhudilər”, Jan Batist Molyerin “Zorən təbib”, Mirzə Fətəli Axundzadənin “Molla İbrahimxəlil kimyagər” (1910. Rejissor Yunis Nuri), Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” (25 iyul 1910. Rejissor Hüseyn Ərəblinski), “Bəxtsiz cavan” (4 fevral 1911. Rejissor Yunis Nuri), Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” (10 may 1911. Rejissor Sidqi Ruhulla), Zülfüqar bəy Hacıbəyovun “Əlli yaşında cavan” (22 noyabr 1912. Rejissor müəllif özüdür), Aleksandr Ostrovskinin “Kimdir müqəssir?” (25 iyul 1913. Rejissor Yunis Nuri), Üzeyir Hacıbəylinin “Məşədi İbad” (19 avqust 1916. Rejissor Rza Şeyxzadə) əsərlərinin maraqlı, teatrsevərlər tərəfindən rəğbətlə qarşılanan tamaşaları əsas yer tutub. Bakıdan və Tiflisdən fərqli olaraq səhnəyə azərbaycanlı qızı İrəvanda daha erkən çıxıb. Qəssab Əsədin qızı Tamara 1916-cı ildə göstərilən Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasında Gülçöhrə rolunu oynayıb. Bu, o dövr üçün böyük cəsarət və misilsiz fədakarlıq idi.
1918–1927-ci illər İrəvan teatrının fəaliyyətində ayrıca dövr kimi maraqlı, dəyərli və peşəkarlıq xüsusiyyətlərinin estetik reallıqlarla formalaşması baxımından mühüm mərhələdir. İyirminci əsrin əvvəllərində tamaşaya qoyulmuş məşhur əsərlər təkrar və daha kamil quruluşlarda tamaşaya hazırlanıb. Eyni zamanda repertuarda Yunis Nurinin quruluşunda Hüseyn Cavidin “Şeyda” (18 mart 1926), Bağır Cabbarzadənin quruluşunda Şəmsəddin Saminin “Dəmirçi Gavə” (7 iyun 1924), Cəlil Məmmədquluzadənin “Ölülər” (20 iyul 1924), Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” (30 avqust 1924), Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” (10 may 1927) tamaşaları mühüm yer tutub. Teatr dəstəsi öz tamaşalarını İrəvan şəhərindən başqa, azərbaycanlıların qədim atababa torpaqları olan Zəngəzur, Göyçə, Vedibasar, Uluxanlı mahallarında da göstərib. 1928-ci il mart ayının 15-də “İrəvanda Dövlət Türk Teatrosu yaratmaq barədə” dövlətin qərarı olub. Təşkilat işi təcrübəli sənətkar, milli səhnə sənətimizin fədakar cəfakeşi Yunis Nuriyə tapşırılıb. Truppanın əsasını yerli həvəskarlar təşkil edib və kollektivə Bakının müxtəlif teatrlarından, Bakıdakı Azərbaycan Dövlət Teatr Məktəbinin məzunlarından bacarıqlı gənclər cəlb olunublar.
İrəvan Dövlət Azərbaycan Dram Teatrının təsisatlı sənət ocağı kimi fəaliyyətə başlaması üçün fransız dramaturqu Jan Batist Molyerin “Zorən təbib” komediyası seçilib. Yunis Nurinin quruluş verdiyi komediyanın ilk tamaşası 14 aprel 1928-ci ildə göstərilib. Bununla da İrəvan Azərbaycan Teatrının yaradıcılığının ikinci və bədii-estetik cəhətdən daha sanballı mərhələsi başlanıb.
On il ərzində teatr Cəfər Cabbarlının “Aydın” (14 avqust 1928), “Sevil” (16 dekabr 1929), “Almaz” (14 noyabr 1934), “Yaşar” (1934), “1905-ci ildə” (13 may 1935), “Od gəlini” (1936), tərcümə edilmiş “Pepo” (31 yanvar 1930), Anatoli Qlebovun “İnqa” (“İncə” adı ilə. 7 noyabr 1930), Aleksandr Şirvanzadənin “Namus” (25 dekabr 1934), sovet ideologiyasından bəhs edən Aleksandr Korneyçukun “Platon Kreçet”, Boris Lavrenyovun “Hücum” əsərlərini maraqlı quruluşlarda oynayıb. “Aydın” da Əşrəf Yusifzadənin (Dövlət bəy), Həmid İbrahimovun (Aydın), “Od gəlini”ndə Əli Zeynalovun (Elxan), “1905-ci ildə” də Yunis Nurinin (Allahverdi), “Yaşar”da Cəmil Əliyevin (Niyaz), “Sevil”də Qafar Həqqinin (Babakişi), “İncə”də Xədicə İsmayılovanın (İncə), “Namus”da İsmayıl Dağıstanlının (Rüstəm) və Əli Zeynalovun (Seyran) oyunları yüksək sənətkarlıq xüsusiyyətləri ilə yadda qalıb. Bakıdan dəvət olunmuş rejissor Yusif Yulduzun bir neçə quruluşu teatrın monumentalizmə meylini gücləndirib.
İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1938–1947-ci illərdə peşəkarlıq vərdişlərini daha da gücləndirib, milli rejissuranın üslub və forma axtarışlarını genişləndirib. Teatrda Tiflisdən gəlmiş Əli Şahsabahlı, Peterburqda peşə təhsili almış Baxşı Qələndərli maraqlı quruluşlar verməklə sənət ocağının romantik və realist üslub xətlərini gücləndirmiş, aktyorların ifa zənginliyinə nail ola bilmişlər. Baxşı Qələndərlinin rejissorluğu ilə oynanılan “1905-ci ildə” (14 fevral 1935) dramı teatrın sənət qələbəsinə çevrilib. Bundan sonra elə həmin il teatra Cəfər Cabbarlının adı verilib.
Əli Şahsabahlının rejissorluğunda Vilyam Şekspirin “Otello” (1944) faciəsinin tamaşası teatrın yaradıcılığında uğurlu mərhələ rolunu oynayıb. Tamaşada əsas obrazları Əli Zeynalov (Otello) və Abbasqulu Tağıyev (Yaqo) ifa ediblər. Bu dövrdə teatr əvvəllər oynadığı bir sıra əsərləri təkrar quruluşlarda tamaşaçılara göstərib. Eyni zamanda repertuarda yeni pyeslər də mühüm yer tutub. Kollektiv Mirzə Fətəli Axundzadənin “Hacı Qara” (Hacı Qara – Əhməd Səfayi və Yunis Nuri), Sabit Rəhmanın “Toy” komediyalarını, Səməd Vurğunun “Vaqif” (Vaqif Əli – Zeynalov, Qacar – Əli Şahsabahlı, İbrahim xan – Məmmədbağır Qaraxanov), Süleyman Rüstəmin “Qaçaq Nəbi” qəhrəmanlıq dramlarını, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu”, Cəlil Məmmədquluzadənin “Ölülər” (yeni və bədii cəhətdən daha kamil quruluşda) faciələrini, çağdaş mövzuda Mirzə İbrahimovun “Həyat” dramını oynamaqla ciddi sənət uğurları qazana bilib. Tərcümə əsərlərindən Sandro Şanşiaşvilinin “Anzor”, Aleksandr Puşkinin “Xəsis cəngavər”, Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər”, Jan Batist Molyerin “Jorj Danden” pyeslərinin tamaşaları teatrın janr və üslub əlvanlığını zənginləşdirib.
Teatr dramatik xarakterli sənət ocağı olmasına baxmayaraq, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “Məşədi İbad” operettalarını, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Zülfüqar bəy Hacıbəylinin “Aşıq Qərib”, Müslüm Maqomayevin “Şah İsmayıl” operalarını müxtəlif quruluşlarda tamaşaçılara göstərib. İrəvan Dövlət Azərbaycan Teatrı Ermənistanda azərbaycanlılara qarşı başlanan kütləvi təzyiqlər nəticəsində 1948-ci ildə Basarkeçər rayonuna köçürülüb. Özünümaliyyələşdirmə iş prinsipinə keçən teatr 1949-cu ilin əvvəllərində maliyyə çətinlikləri ilə əlaqədar olaraq bağlanıb.
Həmin vaxtda sənət ocağında Yunis Nuri, Məmmədbağır Qaraxanov, Əli Şahsabahlı, Cəmil Əliyev, Abbasqulu Tağıyev, Şövkət Əliyeva, Əziz Süleymanov, Qəzənfər Məlikov, Naibə Əliyeva, Roza Hüseynova, Züleyxa Babayeva, Məmmədrza Qənizadə, Xədicə İsmayılova, Hüseyn Ərəboğlu, Asəf Əlixanov, Əsgər Rəhimov, Gülzar Rəhimova, Midhəd Rəsulzadə, İsfəndiyar Hüseynov, Nübar Əlixanova kimi səriştəli, peşəkar, müəyyən sənət uğurları qazanmış aktyorlar və aktrisalar çalışıblar. Bakı, Gəncə, Naxçıvan teatrlarında yaradıcılıqlarını davam etdirərək “SSRİ Xalq artisti”, Azərbaycan Respublikasının “Xalq artisti”, “Əməkdar incəsənət xadimi”, “Əməkdar artist” fəxri adlarına layiq görülmüş İsmayıl Dağıstanlı, Kazım Ziya, Əli Zeynalov, Əşrəf Yusifzadə, Əyyub Haqverdiyev, Əşrəf Quliyev, Ətayə Əliyeva, Qafar Həqqi, İbrahim Hüseynov (Şünasi), Həsən Ağayev, İmamverdi Bağırov, həmçinin tanınmış aktyorlar Məmmədsadıq Nuriyev, Kamal Qubuşov, Zakir Şalıbazov müxtəlif illərdə İrəvan teatrında aktyor işləyiblər.
Teatrda tamaşaların bədii tərtibatını rəssam Rəhim Məmmədov, musiqi tərtibatını isə, əsasən, orkestrin rəhbəri Eyvaz Eyvazov veriblər. İrəvan Dövlət Azərbaycan Teatrı 1928–1934-cü illərdə şəhərin baş meydanı yaxınlığındakı yarızirzəmidə fəaliyyət göstərib. 1935-ci ildən isə öz tamaşalarını həftədə bir dəfə İrəvan Dövlət Musiqili Komediya Teatrının binasında oynayıb. Teatrın qabaqcıl sənətkarlarından Baxşı Qələndərlı “Əməkdar incəsənət xadimi”, Yunis Nuri, Əli Zeynalov, Məmmədbağır Qaraxanov, Əli Şahsabahlı, Cəmil Əliyev “Əməkdar artist” fəxri adları ilə təltif olunublar.
İrəvan Dövlət Azərbaycan Dram Teatrı (1967–2004)
İrəvanda yaşayan ziyalılardan Yunis Rzayevin, Qəşəm Aslanovun, İsrafil Məmmədovun, Əkbər Yerevanlının, Sabir Rizayevin təşəbbüsü ilə 1966-cı ildə İrəvan Dövlət Teatrının bərpası üçün Ermənistan hökuməti qarşısında məsələ qaldırıldı. Azərbaycan Respublikası həmin qeyrətli vətənpərvərlik çağırışına dəstək oldu. Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinin tələbələri 1967-ci ilin fevral ayında sənət müəllimləri Nəsir Sadıqzadə ilə birlikdə teatrın bərpası üçün İrəvana göndərildilər. Fədakar gənclər Cəfər Cabbarlının “Sevil” dramının qızğın məşqlərinə başladılar. Yerli teatr həvəskarlarının təcrübəli sənətkarları Cəmil Əliyev, Abbasqulu Tağıyev, istedadlı gənclərdən Elmira İsmayılova, Raya Qafarova, Səməd Abbasov truppaya qəbul edildilər. Naxçıvan teatrından Tariyel Qasımov, Aydın Şahsuvarov, Gəncə teatrından Zemfira Əliyeva, Nisə Əliyeva, Bakıdan Zərnişan Fətəliyeva, Tamilla Abdullayeva, Zemfira Sadıqova İrəvan teatrına çağırıldılar. Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı 1967-ci il aprel ayının 28-də “Sevil” tamaşası ilə öz pərdələrini açdı. Bərpa olunan sənət ocağının ikinci həyatı başlandı. “Sevil” tamaşasının quruluşunu Nəsir Sadıqzadə vermişdi. Əsas rolları Zərnişan Fətəliyeva (Sevil), Tariyel Qasımov (Balaş), Zemfira Əliyeva (Gülüş) oynadılar.
Teatrın açılışından bir qədər sonra Nəsir Sadıqzadə Bakıya qayıtdı. Teatrın baş rejissor kürsüsünü Azərbaycan Dövlət Teatr İnstitutunu yenicə bitirmiş Tofiq Ağayev tutdu. Onun kollektivdə ilk işi Sabit Rəhmanın “Əliqulu evlənir” komediyasına verdiyi quruluş olub. Tamaşada əsas rolları Aydın Şahsuvarov (Əliqulu), Nisə Rzayeva (Gövhər), Raya Qafarova Qumral), Şamil Dəmirçiyev (Xəlil), Tariyel Qasımov (Rövşən), Zərnişan Fətəliyeva (Yasəmən), Sara Əliyeva (Humay), Vidadi Əliyev (Kamal), Zemfira Sadıqzadə (Səadət) ifa ediblər. Teatr Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” (quruluşçu rejissor Tariyel Qasımov, rəssam Cabbar Quliyev) komediyasını da maraqlı quruluşda oynayıb. Tamaşada baş rolları Rəhim Rəcəbov (Hacı Qəmbər), Raya Qafarova (Yetər), Tariyel Qasımov (Cəbi), Zülfüqar Abbasov (Əşrəf bəy), Hüseyn İsmayılov (Qıdı kirvə), Cahid Hilaloğlu (Mayor Xudaverdi) ifa ediblər. “Sevil”, “Yağışdan çıxdıq, yağmura düşdük” və “Əliqulu evlənir” tamaşaları ilə özünün realist dramatik yaradıcılıq platformasını bəyan edən İrəvan Dövlət Dram teatrı Şıxəli Qurbanovun “Sənsiz” (25 dekabr 1968. Quruluşçu rejissor Tofiq Ağayev) dramı ilə milli səhnə sənətimizdə yenicə uğurlu addımlarını atan lirik-psixoloji üsluba qadir olduğunu da göstərdi.
Tədricən lirik-psixoloji üslub formalaşaraq teatrın yaradıcılıq simasının əsas estetik prinsiplərini müəyyənləşdirdi. Bu iki üslubun qovuşuğunda özünün poetika səciyyələrini müəyyənləşdirən İrəvan teatrı Üzeyir Hacıbəylinin “Məşədi İbad” (2 mart 1970. Quruluşçu rejissor Tofiq Ağayev), “Arşın mal alan” (20 may 1981), dramaturq Sabit Rəhmanla bəstəkar Emin Sabitoğlunun “Hicran” (9 dekabr 1985), dramaturq Məhərrəm Əlizadə ilə bəstəkar Ağası Məşədibəyovun “Toy kimindir?” (24 fevral 1972), dramaturq Məcid Şamxalovla bəstəkar Zakir Bağırovun “Qaynana” (10 fevral 1975) operettalarını oynamaqda da müəyyən səriştə qazana bilib.
İrəvan Dövlət Azərbaycan Dram Teatrı bərpa olunandan sonra onun yaradıcılığı iki mərhələyə bölünüb: adını daşıdığı şəhərdəki fəaliyyəti (1967–1988); ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşi soyqırımından sonra teatrın İrəvanı tərk edərək Bakı şəhərindəki yeni yaradıcılıq dövrü (1989-cu ildən bu günə qədər). İrəvan teatrının yeni üslub istiqamətində formalaşmasında, truppanın estetik ifadə vasitələrinin zənginləşməsində Tofiq Ağayev uğurlu işlər görüb, səmərəli axtarışlar aparıb. O, teatrdaxili çəkişmələr nəticəsində 1970-ci ildə baş rejissorluqdan çıxıb. Teatr 1977-ci ilə qədər baş rejissorsuz işləyib. 1973–1974-cü ildə qocaman səhnə xadimi Baxşı Qələndərli teatra yaradıcılıq rəhbərliyini öz üzərinə götürüb, lakin kollektivdəki durğunluğu aradan qaldıra bilməyib.
Teatrın sağlam qüvvələrinin təkidi ilə Tofiq Ağayev yeddiillik fasilədən sonra doğma teatra qayıdıb. Forma əlvanlığına, janr müxtəlifliyinə, repertuar zənginliyinə xüsusi diqqət yetirən rejissor İrəvan teatrının yaradıcılığında özünün sanballı quruluşları ilə qüvvətli aktyor oyunlarına imkan yarada bilib. Onun rejissorluğunda oynanılan Yusif Əzimzadənin “Nəsrəddin” (25 dekabr 1968), tərcümə olunmuş “Bağdasar dayı” (9 rnart 1969), İmran Qasımov və Həsən Seyidbəylinin “Sən nə üçün yaşayırsan?” (6 dekabr 1970), Hüseyn Muxtarovun “Nənəm ərə gedir” (10 may 1978), Anarın “Şəhərin yay günləri” (20 may 1979), Anatoli Safronovun “Kişilərə inanmayın” (30 dekabr 1980), Azad Abdulinin “On üçüncü sədr” (26 dekabr 1982), Karlo Qoldoninin “İki ağanın bir nökəri” (30 dekabr 1983), Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” (15 mart 1984), “Müsyö Jordan və dərviş Məstəli şah”, Karl Vitlinkerin “Ulduzdan düşmüş adam” (11 may 1984), Aleksandr Makayonokun “Tribunal” (20 fevral 1986), İlyas Əfəndiyevin “Atayevlər ailəsi” (5 may 1987), Mar Bayciyevin “Ər və arvad” (15 fevral 1988) pyeslərinin tamaşaları müəyyən çatışmazlıqlarına baxmayaraq, kollektivin başlıca yaradıcılıq uğurlarını təminatlandırıb.
İrəvan teatrı 1967–1988-ci illərdəki fəaliyyət dövründə yaradıcılıq axtarışlarına meyilli olub. Bu məqsədlə teatr vaxtaşırı Azərbaycanın müxtəlif sənət ocaqlarından yaradıcılıqlarına inandığı həm təcrübəli, həm də gənc rejissorları tamaşa hazırlamağa dəvət edib.
Bu teatrda Nəsir Sadıqzadə Georgi Xuqayevin “Elbrus evlənir” (4 may 1972), Hidayətin “Məhəbbət yaşadır” (fevral 1976), Zülfüqar Abbasov yerli müəllif Əziz Süleymanovun “Alovlar” (10 noyabr 1967), Cəfər Cabbarlının “Solğun çiçəklər” (10 noyabr 1968), Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər” (10 dekabr 1972), Hilal Həsənov Mirzə Fətəli Axundzadənin “Molla İbrahimxəlil kimyagər” (15 noyabr 1971), Sabit Rəhmanın “Toy” (24 dekabr 1974), Vəli Babayev şair-dramaturq Bəxtiyar Vahabzadənin “İkinci səs” (25 fevral 1971), Ağakişi Kazımov Şamil Xurşud və Əşrəf Hacıyevin “Qızıl zəncir” (10 iyul 1978), Hidayətin “Məni qınamayın” (14 may 1981), Nahid Hacızadənin “Ömür gözləmir bizi” (31 may 1982), Niyaz Şərifov Əkrəm Əylislinin “Bağdada putyovka var” (19 mart 1979), Vaqif Şərifov Rövşən Ağayevin “Yeddi oğlan, bir qız” (7 mart 1983), Hüseynağa Atakişiyev Nəriman Həsənzadənin “İmzalar içində” (28 aprel 1980) əsərlərinə ayrı-ayrı janrlarda quruluşlar veriblər.
İrəvan teatrının dövlət statusu ilə fəaliyyət göstərməsinin 50 illiyi münasibətilə 1978-ci ildə Abbasqulu Tağıyev və Şamil Dəmirçiyev “Ermənistan Respublikasının Əməkdar artisti”, teatrın direktoru Hidayət Orucov “Əməkdar mədəniyyət xadimi” fəxri adlarına layiq görülüblər. İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1978-ci ildə Bakıda qastrolda olub. Teatrın burada qazandığı sənət nailiyyətlərinə görə aktyorlar Vidadi Əliyev, Tamilla Abdullayeva və Marietta Kərimova “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adı ilə təltif ediliblər.
İrəvan teatrı 1967–1986-cı illərdə Mirzə Fətəli Axundzadə adına şəhər orta məktəbinin üçüncü mərtəbəsində yerləşib. Lakin burada tamaşa oynamağa imkan olmadığına görə teatr tamaşalarını kirayə ilə Stanislavski adına Rus Dövlət Dram Teatrının binasında nümayiş etdirib. Azərbaycanlılar yaşayan bölgələrdə müntəzəm olaraq səyyar tamaşalar göstərilib.
1988-ci ildən erməni millətçilərinin Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törətdikləri vəhşilik və etnik təmizləmə nəticəsində əmlakı əlindən alınmış teatr Neftçala rayonuna qastrol səfərinə göndərilmək adı ilə İrəvandan deportasiya olunub. Lakin belə sınaqlara dəfələrlə sinə gərmiş və ruhdan düşməmiş teatr yaşamaq haqqını və iqtidarını bu dəfə də sübut edib. Bu dövrdə kollektiv bünövrəsinə qədər dağılmış öz məbədini bir neçə ildə yenidən dikəldib. 1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdıb zəruri tədbirləri gerçəkləşdirdikdən sonra – 1995-ci ildə İrəvan Teatrının ikinci dəfə dövlət statusu ilə Azərbaycanda peşəkar yaradıcılıq meydanına qayıtmasını da təmin etmişdir. Həmin vaxtdan yurdundan didərgin salınmış teatrda yeni ciddi yaradıcılıq prosesi start götürüb.
Teatrın yaşaması və uğurlar qazanması üçün Elmira İsmayılova, Tamilla Abdullayeva, Vidadi Əliyev kimi sənət fədailərinin çəkdikləri böyük zəhmət nəticəsində sənət ocağı 2000-ci ilə qədər özünün fasiləsiz fəaliyyətini və bütövlüyünü saxlaya bilib.
2000-ci ildən bu günə qədər Ulu Öndər Heydər Əliyevin və Cənab Prezident İlham Əliyevin teatra yüksək diqqəti ilə İrəvan Teatrında yaranmış dönüş, dinamik inkişaf, əldə olunan uğurlar indiki kollektivin gərgin, yaradıcı axtarışları ilə hasilə gətirilib. Teatrın qədim ənənələri üzərində aparılan yeni quruculuq işləri, nizam-intizamın bərpa edilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, istedadlı yaradıcı gənclərin teatra gətirilməsi, uzunmüddətli perspektiv fəaliyyət proqramına uyğun olaraq repertuarın zənginləşdirilməsi, V.Əsədov, H.Atakişiyev, B.Osmanov, M.Fərzəlibəyov, O.Qurbanov, F.Məhərrəmov, G.Ömər kimi nüfuzlu rejissorların və tanınmış aktyorların yeni tamaşalar hazırlanmasına cəlb edilməsi yaradıcı prosesi canlandırmaqda önəmli olub.
Mənbə:
İlham Rəhimli, Azərbaycan teatr tarixi (dərslik) (Bakı: Çaşıoğlu, 2004)