Qərbi Azərbaycanda doğulub boya-başa çatan yüzlərlə elm, mədəniyyət, incəsənət, din xadimlərinin adları Azərbaycan tarixinə həkk olunmuşdur. Müxtəlif vaxtlarda İrəvanda olmuş səyyahlar, salnaməçilər, tədqiqatçılar İrəvan şəhərini Şərqin inkişaf etmiş elm və mədəniyyət mərkəzi kimi təsvir etmişlər. İrəvan ziyalılarının, elm, mədəniyyət və din alimlərinin yaratdıqları əsərlər bu gün dünyanın müxtəlif kitabxanalarında, arxivlərində və muzeylərində saxlanılır.
Orta əsrlərdə İrəvanda bəylərbəylik və xanlıq üsul-idarələri bərqərar olduqdan sonra elm və mədəniyyətin inkişafı üçün əlverişli şərait yaranmışdır. Təəssüf ki, dağıdıcı müharibələr və təbii fəlakətlər nəticəsində baş vermiş miqrasiya prosesləri nəticəsində həmin dövrdə yazılan əsərlərin az bir qismi günümüzə qədər gəlib çatmışdır. XIX əsrin əvvəllərində İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra İrəvanın imkanlı və ziyalı elitasının xeyli bir qismi şəhəri tərk etmişdir. Əslən İrəvandan olan, xarici ölkələrdə “İrəvani” soyadı və təxəllüsü ilə yazıb-yaradan onlarla elm və mədəniyyət xadimləri haqqında məlumatlar mövcuddur. XIX əsrin sonlarında bir müddət İrəvanda işləyən görkəmli Azərbaycan ədəbiyyatşünası və maarif xadimi Firudin bəy Köçərli İrəvanı haqlı olaraq “mərkəzi-üləma, füzəla və şüəra” şəhəri – yəni üləmalar, fazillər və şairlər şəhəri adlandırmışdı. İrəvan şəhərində elm və təhsilin vəziyyəti haqqında ayrı-ayrı müəlliflərin əsərlərindən, o dövrün statistik məlumatlarından və arxiv sənədlərindən xeyli məlumat əldə etmək mümkündür.
İstər xanlıqlar dövründə, istərsə də Rusiya işğalı dövründə xanların və bəylərin, əyanların, din xadimlərinin övladlarının mükəmməl təhsil almalarına xüsusi fikir verilirdi. Bir çox imkanlı ailələr öz uşaqlarını xarici ölkələrdəki dünyəvi və yaxud ali dini məktəblərdə oxumağa göndərirdilər. İrəvanda şiəlik məzhəbi bərqərar olduğu üçün varlı ailələrin övladları, əsasən, Bağdadda, Nəcəfdə, Kərbəlada, Məşhəddə, Xorasanda, Təbrizdə, Qahirədə ali dini təhsil alırdılar. Həmin şəhərlərdə əslən İrəvan şəhərindən olan “İrəvani” soyadını daşıyan onlarla ayətullah, müctəhid, höccətül-islam titulunu daşıyan din xadimləri yetişmişdi. Özlərindən sonra zəngin irs qoyan ayətullah Molla Məhəmməd bin Məhəmməd Bağır İrəvani-Həcəfinin, ayətullah Seyyid Əbdülməcid İrəvaninin, ayətullah Seyyid Əli İrəvaninin, ayətullah Mirzə Əbdülhüseyn İrəvaninin, Hacı Mirzə Əliağa İrəvaninin, Mirzə Fəzləli ağanın adları məşhur islam alimləri sırasında çəkilir.
İrəvan şəhərində anadan olmuş görkəmli Azərbaycan həkimi və alimi Hacı Süleyman Qacar İrəvaninin (XVIII əsr) fars dilində yazdığı “Fəvaidül-hikmət” (“Hikmətin faydası”) əsəri nəinki Azərbaycanda, eləcə də Orta Asiyada və İranda böyük şöhrət qazanmışdı. Bu kitab orta əsr əczaçılıq ensiklopediyasıdır və minlərcə dərman bitkisinin, heyvan və mineralın müalicəvi kеyfiyyətlərindən bəhs edir. “Fəvaidül-hikmət” əsərinin nadir əlyazma nüsxələri AMЕA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda və eləcə də İran və Misirdə saxlanılır. Kitab iki hissədən ibarətdir. Birinci hissədə dərman xassələrinin əlifba sırası ilə siyahısı verilib. İkinci hissə isə orta əsr farmakoloji terminlərinin izahlı lüğətidir. Burada bitki, heyvan və mineralların Azərbaycan, türk, ərəb, fars, yunan, çin, hind və başqa dillərdə adları verilmişdir.
1782-ci ildə İrəvan xanı Hüseynəli xan xanlığın rəsmi sənədlərini və şəxsi yazışmalarını toplayıb qaydaya salmaq üçün Təbrizdən xəttat dəvət etmişdi. İrəvan xanlığının və İrəvan şəhərinin tarixi üçün qiymətli mənbə olan həmin əlyazmaların orijinalları “Hüseynəli xanın divanı” adı altında toplanaraq kitab şəklinə salınmışdı. “Hüseynəli xanın divanı”nın yeganə əlyazma nüsxəsi hazırda Ermənistan Dövlət Muzeyində saxlanılır (Əlyazma № 5039/1121).
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi arxivində “İrəvanlı Hüseynəli xanın məktubları” adlı əsərin əlyazması saxlanılır (İş 7415). Əsəri Hüseynəli xanın dövründə əvvəlcə xanın divanxanasının mirzəsi, sonra isə vəzir təyin olunan Məhəmməd Müslüm Qüdsi toplamışdır. “Məktublar”a İrəvan xanlarının 1789–1791-ci illərdə Osmanlı sultanına, Kartli-Kaxetiya çarı II İrakliyə, Xoy xanı Əhməd xana, Qarabağ xanı İbrahimxəlil xana göndərdikləri məktublar toplanmışdır. “Məktublar” İrəvan xanlığının siyasi, iqtisadi, ticarət əlaqələri, idarəçilik sistemi, mülkiyyət və vergi formaları haqqında geniş məlumat verir.
Erməni tarixçisi Tadevos Hakopyan yazır ki, 1923-cü ildə İrəvandakı məscidlərdən və kilsələrdən əlyazmalar toplanaraq Eçmiədzin kilsəsindəki əlyazmalar fonduna təhvil verilmişdir. Məscidlərdə saxlanılan əlyazmalar, əsasən, ərəb və fars dillərində idilər. Onların böyük əksəriyyəti Quran və müsəlman dininə aid kitablar idilər. Həmçinin əlyazmalar içərisində ərəb və fars qrafikası ilə dünyəvi məzmunlu şeirlər və bədii yaradıcılıq nümunələri olmuşdu. Evlərdə saxlanılan əlyazmalarda tarixə aid qiymətli məlumatlar var idi.
İrəvan şəhərində mövcud olmuş təhsil sistemi haqqında ən dolğun məlumat xanlığın Rusiya tərəfindən işğalından sonra 1829–1831-ci illərdə həmin ərazidə kameral siyahıyaalma keçirən rus tarixçi-statistiki İvan Şopenin 1852-ci ildə Sankt-Peterburqda çap olunmuş “Erməni vilayətinin Rusiyaya birləşdirilməsi dövrünün tarixi yaddaşı” əsərində verilmişdir. Həmin məlumatlardan aydın olur ki, İrəvan xanlığının ərazisindəki təhsil sistemi mahiyyət etibarilə Azərbaycanın digər xanlıqlarındakı təhsil sistemindən fərqli olmamışdır. İ.Şopenin yazdığına görə İrəvan xanlığının ərazisində təhsillə, əsasən, müəyyən təhsil görmüş din xadimləri məşğul olurdular. Hər bir məscidin nəzdində böyük və yaxud kiçik mədrəsə fəaliyyət göstərmişdir. Aşağı siniflərdə müəllimlər müdərris, yuxarı siniflərdə isə vaiz adlandırılırdılar. Mədrəsələrdə geniş dərs otaqları ilə yanaşı, tələbələrin yaşadıqları kiçik otaqlar – hücrələr olurdu. Bəzi məscidlərdə adlı-sanlı müctəhidər dərs deyirdilər ki, onları dinləmək üçün ölkənin hər yerindən dinləyicilər gəlirdilər. İrəvan xanlığının süqutu ərəfəsində təkcə İrəvan şəhərindəki 8 məsciddə 200 şagird təhsil alırdı.
İ.Şopenin məlumatına görə müsəlman alimləri bütün elmləri üç əsas sahəyə bölürdülər: Əl-ərəbiət, Əl-şəruə və Əl-hakimə. Birinci sahəyə, əsasən, ərəb dilinin qaydaları, tarix və Quranın oxunması daxil idi. İkinci sahəyə Quranın təfsiri, hədislərin öyrənilməsi, islam hüququnun əsaslarının və kəlamların öyrənilməsi daxil idi. Üçüncü sahəyə isə məntiqin, riyaziyyatın, həndəsə və astronomiyanın, tibbin və nəzəri fəlsəfənin öyrənilməsi daxil idi.
İstər məktəblərdə, istərsə də mədrəsələrdə hüsnxətə xüsusi diqqət yetirilirdi. İrəvan xanlığının ərazisində məktəb və mədrəsələrdən başqa fərdi tədris növü də mövcud idi. Xanın, sərdarın, əyanların və tacir uşaqlarının təhsili ilə onların evində ayrıca müəllimlər məşğul olurdular. İ.Şopenin verdiyi məlumata görə hər bir müsəlmanın evində məktəblərdə tədris olunan fənlərə, xüsusən də Qurana və şəriətə aid kitabların nüsxələrinə, özü də hərəsindən bir neçə nüsxə rast gəlmək olar. Müəllif İrəvanda kalliqrafik xətlə üzü köçürülmüş şeir kitablarının bahalı olduğunu, tarixə aid kitabların isə daha da baha qiymətə satıldığını yazır. Onun yazdığına görə ermənilər isə kitab sarıdan kasad olmuşlar. Yalnız bəzi varlı ermənilərin evlərində “İncilə”, yaxud dini ibadət qaydalarına aid hansısa kitaba nadir halda rast gəlmək olar. Bütün bunlar bir daha ona dəlalət edir ki, həqiqətən də İrəvan şəhəri xanlıqlar dövründə Azərbaycanın inkişaf etmiş elm və mədəniyyət mərkəzlərindən biri olmuş, təhsilə xüsusi fikir verilmişdir.
İrəvan progimnaziyasının hazırlıq sinfinin müəllimi olmuş Stepan Zelinskinin (milliyyətcə erməni idi) “Qafqazın ərazi və tayfalarının təsviri materialları məcmuəsi”ində dərc etdirdiyi “İrəvan şəhəri” məqaləsində göstərir ki, 1880-ci ildə İrəvan şəhərindəki məscidlərdə 153 şagird təhsil alırdı ki, onların təlimi ilə 8 müəllim məşğul olur. S.Zelinski yazır ki, bundan əlavə, İrəvanda ali dini müsəlman məktəbi fəaliyyət göstərir və orada tələbələrdən təhsil haqqı alınmır, əksinə təhsildə müvəffəqiyyətlərindən asılı olaraq məscid onlara 3 rubldan 10 rubladək mükafat verir. Müəllif ali dini müsəlman məktəbində əksəriyyətinin kəndlərdən gələnlərdən ibarət olduğunu, hər il 60-a qədər tələbənin təhsil aldığını, tam kursu bitirdikdən sonra onlara axund rütbəsi verildiyini və əmmamə daşımaq səlahiyyətinə malik olduqlarını yazır. S.Zelinski ali dini məktəbin hansı məscidin nəzdində fəaliyyət göstərdiyini yazmasa da, belə güman etmək olar ki, həmin məktəb şəhərin baş məscidi olan Cümə və yaxud Hüseynəli xan məscidinin nəzdində fəaliyyət göstərmişdir.
Rusiya işğalı dövründə İrəvan şəhərində ilk ikisinifli dövlət qəza məktəbi 14 yanvar 1832-ci ildə açılmışdır. İrəvan qalasında yerləşən həmin məktəbin təşkilatçısı və inspektoru Moskva Universitetinin tələbəsi F.Zuboev olmuşdur. 1836-cı ildə Sankt-Peterburqda çap edilən “Qafqazdakı Rusiya torpaqlarının icmalı” əsərində yazılır: “İrəvan şəhərində 60 şagirdin təhsil aldığı bir xalq məktəbi, Eçmiədzindən 1827-ci ildə köçürülmüş bir erməni və 8 tatar (azərbaycanlı) məktəbi vardır. Bütün bu 9 məktəbdə 120-yə qədər şagird oxuyur ki, onlar da imkanları nəzərə alınmaqla ayda 20 qəpikdən 1 gümüş rubladək vəsait ödəyirlər”. 15 mart 1868-ci ildə İrəvan qəza məktəbi dördsinifli klassik progimnaziyaya çevrilmişdir. Azərbaycanlı uşaqların da təhsil aldıqları bu məktəbdə din dərsləri, rus, tatar (Azərbaycan dili), erməni, latın, fransız dilləri, tarix, coğrafiya, riyaziyyat və təbiətşünaslıq fənləri tədris edilirdi. Stepan Zelinski yuxarıda adı çəkilən “İrəvan şəhəri” məqaləsində göstərir ki, 1850-ci ildən 1880-ci ilədək 30 il ərzində İrəvan qəza məktəbini və progimnaziyasını üst-üstə 558 tatar (azərbaycanlı) bitirmişdi.
Progimnaziya 31 mart 1881-ci ildə səkkizsinifli tam gimnaziyaya çevrilmişdi və sonralar İrəvan Oğlan Gimnaziyası adlanırdı. 1 yanvar 1883-cü ilə olan məlumata görə İrəvan gimnaziyasında təhsil alan 237 şagirddən 37-si azərbaycanlı olmuşdu. Əldə edilən məlumatlara görə ilk dəfə İrəvan qəza məktəbi kimi fəaliyyətə başladığı dövrdən 1918-ci il avqustun 6-da bağlanmasınadək keçən müddət ərzində İrəvan Oğlan Gimnaziyasına şəriət dərslərini və Azərbaycan dili fənnini 1836–1856-cı illərdə Molla Tağı Mahmud oğlu, 1856–1885-ci illərdə Mirzə Ələkbər Elxanov, 1885–1895-ci illərdə Firudin bəy Köçərli, 1895–1905-ci illərdə İsmayıl bəy Şəfibəyov, 1905–1906-cı illərdə Mirzə Məhəmməd Şeyxzadə, 1907–1918-ci illərdə Şeyx Abusəttar Kazımov tədris etmişlər.
İrəvan Oğlan Gimnaziyası Azərbaycan ictimaiyyətinə, dövlətinə, elminə, mədəniyyətinə incəsənətinə bir sıra görkəmli şəxslər bəxş etmişdir. Tanınmış dövlət xadimlərindən Məmməd bəy Qazıyev, Teymur bəy Makinski, Əkbər ağa Şeyxülislamov, Nəriman bəy Nərimanbəyov, Məhəmməd Məhərrəmov, Əziz Əliyev, maarif və elm xadimlərindən Miryusif Mirbabayev, Mustafa bəy Topçubaşov, Əhməd Rəcəbli, Maqsud Məmmədov, generallardan Həbib bəy Səlimov, Qambay Vəzirov İrəvan gimnaziyasının məzunları olmuşlar. İrəvan gimnaziyasını bitirən azərbaycanlı qızların bəziləri 1918–1920-ci illər soyqırımı nəticəsində İrəvandan didərgin düşsələr də, yerdə qalanları sovet hakimiyyəti illərində İrəvanda xalq maarifi və savadsızlığın aradan qaldırılması istiqamətində mühüm işlər görmüşdülər. İrəvan Oğlan Gimnaziyasının məzunlarının bir qismi qəza məktəblərində müəllim işləmiş, bir qismi isə Rusiyanın müxtəlif ali məktəblərində təhsillərini davam etdirmişdilər.
İrəvanda fəaliyyət göstərən məktəblərdən biri də Müqəddəs Ripsime qızlar məktəbi idi. 1850-ci il yanvarın 2-də Qafqazın canişini Mixail Vorontsovun xanımı Yelizaveta Vorontsovanın təşəbbüsü və İrəvanda fəaliyyət göstərən Müqəddəs Nina Xeyriyyə Cəmiyyətinin idarə heyətinin qərarı ilə Müqəddəs Ripsime qadın məktəbi təsis edilmişdir. 9 iyul 1884-cü ildə bu məktəb üçsinifli qadın progimnaziyasına çevrilmişdi. 30 may 1898-ci ildə isə progimnaziya hazırlıq sinfi də təşkil edilməklə səkkizsinifli qadın gimnaziyasına çevrilmişdi. Ödənişli olan bu məktəbdə imkanlı azərbaycanlıların qızları da təhsil alırdılar. Təkcə 1916–1918-ci illərdə Müqəddəs Ripsime gimnaziyasını 36 azərbaycanlı qız bitirmişdi. İrəvan quberniyasının 1914-cü ilə dair “Yaddaş kitabçası”nda göstərilir ki, bu gimnaziyada şəriət dərslərini və Azərbaycan dilini Haşım bəy Nərimanbəyov tədris etmişdir.
Hələ XIX əsrin 50–60-cı illərindən etibarən İrəvan şəhərində özəl məktəblər də fəaliyyət göstərməyə başlamışdı. Özəl məktəbləri yalnız Rusiya təbəəliyi olan şəxslər Qafqaz Tədris İdarəsinin icazəsi ilə aça bilərdi. İki tip özəl məktəblər mövcud idi. Birinci tip məktəblərə məscidlərin və ya kilsələrin nəzdindəki müəllimlərin fərdi proqramı əsasında fəaliyyət göstərən ənənəvi mollaxana tipli məktəblər, ikinci tip məktəblərə isə yeni açılan, lakin öz tədris proqramını dövlət məktəblərinin proqramlarına uyğunlaşdıran məktəblər daxil idi. 1863-cü ildə İrəvanda 15 özəl azərbaycanlı və erməni məktəbləri mövcud idi.
1865-ci ildə şəhərdə 9 müsəlman ruhani məktəbi fəaliyyət göstərmişdir ki, orada 223 şagird təhsil almışdır. Həmin vaxt buradakı 6 erməni ruhani məktəbində 150 şagird təhsil alırmış. 1866-cı ildə məscidlərin nəzdindəki məktəblərdə şagirdlərin sayı 596 nəfərə çatırdı.
Əslən İrəvandan olan və müxtəlif səbəblərdən Cənubi Azərbaycana köçən ailələr İrəvanla bağlılıqlarını davam etdirirdilər. Azərbaycanlı maarifçi, ruhani və ictimai-siyasi xadim Mirzə Həsən Rüşdiyyə belələrindən idi. O, 1883-cü ildə İrəvana gəlmiş və burada yaşayan qardaşı Mirzə Əlinin köməyilə yerli müsəlmanlar üçün müasir tipli dünyəvi məktəb açmışdı.
Məşhur Azərbaycan alimi, tənqidçisi pedaqoqu Firudin bəy Köçərli 1885-ci ildə Qori Müəllimlər Seminariyasını bitirərək təyinatla İrəvan Oğlan Gimnaziyasında işləməyə göndərilmişdi. O, maarifçi-demokrat kimi ictimai bəlaların kökünü cəhalətdə, elmsizlikdə görür, xalqın maarifləndirilməsi yolunda öz əməyini əsirgəmirdi. İrəvanda yeni tipli məktəblərin açılmasında, onların tədris vəsaitləri ilə təmin olunmasında Firudin bəyin müstəsna xidməti olmuşdu. İrəvanda işlədiyinin beşinci ilində – yəni 1890-cı ildə “İrəvandan məktub” başlıqlı məqaləsində Firudin bəy yazırdı: “Belə ki, iki-üç sənə var ki, şəhərimizdə bir-iki qaydalı və səliqəli məktəb açılıb. Müsəlman balaları da sair millətlərin ətfalı (yəni uşaqları) təki təzə üsul ilə elm və ədəb təhsil edirlər… Əlbəttə, bu məktəblərin bu halda qüsurları da çoxdur, amma ümid var ki, İrəvan əhli hümmət edib az zamanda məktəblərin hər bir ehtiyacını düzəldələr. Firudin bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” kitabında İrəvanda mövcud olan bəzi məktəblər haqqında, o cümlədən İrəvanda məktəb açan Məşədi İsmayıl Kazımzadə və Mirzə Kazım Əsgərzadə kimi ziyalılar haqqında ətraflı məlumat verilir.
İrəvanın sərvət sahibi tacirlərindən biri olan “Bəzmi” təxəllüslü Məşədi İsmayıl Kazımzadə 1866-cı ildə İrəvan şəhər məktəbində şəriət və türk dili müəllimi işləməklə yanaşı, özü də məktəb açmışdı. F.Köçərli İrəvan gimnaziyasına müəllim təyin edildikdən sonra tez-tez Mirzə İsmayılın yanına getdiyini, onun dərsləri necə şövqlə tədris etdiyini müşahidə etdiyini yazır. Məşədi İsmayıl Kazımzadə köhnə qayda ilə dərs verməyin qüsurunu anlayıb üsuli-sövti (yəni hərflərin söz kimi deyil, səs kimi tələffüz edilməsi) ilə təlim vermək üçün özü bir əlifba tərtib etmişdi. Onun bu addımı köhnəliyin tərəfdarı olan qaragüruhçular tərəfindən istehza və gülünc hədəfinə çevrilsə də, Məşədi İsmayıl öz işini davam etdirmişdi.
İrəvanda fəaliyyət göstərən özəl məktəblərdən biri də Sofiya Stasyuleviçin 1877-ci ildə açdığı pansion idi. S.Zelinski adıçəkilən “İrəvan şəhəri” məqaləsində şəhərin ilk özəl pansionunun təsisçisinin ona söylədiklərini qələmə almışdır. S.Stasyuleviç Naxçıvanda yaşayarkən Kəlbəli xan Naxçıvanski ilə tanış olmuş və onun iki övladının təlimi ilə fərdi qaydada məşğul olmuşdu. Ondan razı qalan Kəlbəli xan Sofiyaya İrəvana getməyi və müsəlman uşaqlarının tərbiyəsi ilə məşğul olmağı məsləhət görür. İrəvana gələn Sofiya əvvəlcə yerli xanlara müraciət edir ki, müsəlman uşaqları üçün pansion açmağa yardım etsinlər, lakin onlardan müsbət cavab almır. Zelinski daha sonra yazır ki, xoşbəxtlikdən Şəfi bəy adlı birisi Sofiyaya təklif edir ki, əlavə şagirdlər tapmaq şərtilə onun uşaqlarına pulsuz təlim keçsin. Sofiya ev kirayələyir və tezliklə onun şagirdləri artır və ikinci ilin sonunda 15 nəfərə çatır. Sofiyanın təlimdəki müvəffəqiyyəti və uşaqlara göstərdiyi analıq qayğısı sayəsində onun pansionunda təlim-tərbiyə verdiyi müsəlman balalarının sayı daha sonra 45 nəfərə çatır. Onun pansionundan progimnaziyaya daxil olan şagirdlər oranın ən yaxşı şagirdləri kimi ad qazanırlar. Qazandığı uğurlarına görə ermənilər və ruslar da öz uşaqlarının Sofiyanın pansionuna göndərirdilər. 1877–1880-ci illərdə S.Stasyuleviçin pansionunda 105 şagird təlim-tərbiyə görmüşdü ki, onların 58-i azərbaycanlı, 43-ü erməni, 4-ü rus uşaqları idi.
1880-ci ildə açılan İrəvan şəhər ibtidai məktəbi 1900-cü ildə üçsinifli Puşkin adına məktəbə çevrilmişdi. 1901-ci ildə Puşkin adına məktəbin nəzdində bazar günü məktəbi açılmışdı. Məktəbə milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq 16 yaşından 50 yaşınadək irəvanlılar qəbul edilirdilər. Puşkin adına məktəbdə rus və digər dillərlə yanaşı, Azərbaycan dili də tədris edilirdi. Mirzə Hüseyn Axundov məktəbin müsəlman bölməsinin müdiri olmaqla yanaşı, Azərbaycan dili müəllimi kimi də fəaliyyət göstərmişdir. Ermənistanda sovet hakimiyyətinin qurulmasında fəal iştirak etmiş Saleh Güllicinski Puşkin məktəbinin məzunu olmuşdu.
1881-ci il noyabrın 3-də tərkibində iki sinif olmaqla İrəvan Müəllimlər Seminariyasının I sinfinin açılışı olmuşdur. Seminariyanın ilk direktoru Yakob Suşevskinin səyi nəticəsində birinci il seminariyaya 9 müəllim, 42 şagird cəlb edilmişdi. 1882-ci ildə seminariyanın II sinfi, 1883-cü ildə III sinfi açılmışdır. Qafqazda olan bütün müəllimlər seminariyası kimi, İrəvan müəllimlər seminariyası da 4 sinifdən ibarət olmuşdur. İrəvan Müəllimlər Seminariyasının pedaqoji kontingentinin formalaşmasında, əsasən, Qori Müəllimlər Seminariyasının məzunlarından istifadə edilmişdir. Seminariyanın əsasnaməsinə görə bu təhsil ocağına ancaq oğlanlar qəbul oluna bilərdilər. Seminariyanın nəzdində həmçinin ibtidai məktəb fəaliyyət göstərirdi. Seminaristlər pedaqoji təcrübələrini həmin məktəbdə keçirdilər. Ordubad şəhər məktəbi həmin seminariyanın təcrübə məktəbi hesab olunurdu. Seminariyada müxtəlif fənlər tədris edilməklə yanaşı, bir sıra peşələr – xarratlıq, cildçilik işi, tərəvəzçilik və ipəkçilik fənləri də könüllü olaraq tədris olunurdu. Qafqaz məktəbləri üçün müəllimlər hazırlayan İrəvan Müəllimlər Seminariyasının 1895-ci ildəki vəziyyətinə aid hesabatda göstərilir ki, 1884-cü ildəki ilk buraxılışından 1895-ci il buraxılışı arşında olan müddətdə seminariyanı 123 nəfər bitirmişdir ki, onlardan 25 nəfərini azərbaycanlılar, qalanlarını digər millətlərin nümayəndələri təşkil etmişlər. İrəvan müəllimlər seminariyasının direktoru V.Dobrıninin 1918-ci ildə yazdığı hesabatdan aydın olur ki, 1915–16-cı tədris ilində seminariyanı 19 nəfər, 1916–17-ci tədris ilində 22 nəfər, sonuncu – 1917–18-ci tədris ilində isə 23 nəfər azərbaycanlı bitirmişdir. Ümumiyyətlə, üç il ərzində seminariyanı 316 nəfər bitirmişdi ki, onlardan 64 nəfərini azərbaycanlılar, 2 nəfərini isə türklər təşkil etmişdi.
İrəvan Müəllimlər Seminariyasında ilahiyyat, rus dili, hesab, həndəsə, coğrafiya, tarix və biologiya fənləri ilə yanaşı, tatar (Azərbaycan dili) dərsləri də keçirilirdi. Axund Məhəmmməd Bağır Qazızadə uzun müddət İrəvan Müəllimlər Seminariyasında şəriət müəllimi, Ələsgər Kərimov, Rəhim Xəlilov, Rəşid bəy Şahtaxtinski, Mirzə Cabbar Məmmədov Azərbaycan dili müəllimi işləmişdilər.
İrəvan Müəllimlər seminariyasının ilk buraxılışı 1884-cü ildə olmuşdur. Həmin il məktəbin 5 nəfər məzunu olmuşdu. XIX əsrin sonlarında Zaqafqaziyada işləyən kənd məktəblərinin müəllimlərinin və müdirlərinin xeyli hissəsi ekstern yolu ilə imtahan verərək müəllimlik hüququ əldə etmişdilər. Tanınmış simalardan Haşım bəy Vəzirov, Həmid ağa Şahtaxtinski, Tağı bəy Səfiyev, İbadulla Muğanlinski, Şamil Mahmudbəyov, Cabbar Məmmədov İrəvan Müəllimlər Seminariyasının məzunları olmuşlar. İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı məzunları quberniyanın ərazisində mövcud olan rus-tatar məktəblərinə müəllim təyin edilirdilər.
1918-ci ilin mayında İrəvan quberniyasının ərazisində ilk erməni dövləti – Ermənistan (Ararat) Respublikası qurulduqdan sonra İrəvan Müəllimlər Seminariyasının fəaliyyətinə son qoyulmuşdur. Ermənilərin 1918–1920-ci illərdə İrəvanda həyata keçirdikləri soyqırımlar azərbaycanlı məktəblərinin hamısının bağlanması ilə nəticələndi. İrəvan ziyalılarının bir qismi erməni vəhşiliklərinin qurbanı oldular. Bir çox ziyalılar isə İrəvan şəhərindən didərgin düşdülər. İrəvanlı ziyalıların bir qismi İrana, bir qismi Türkiyəyə qaçdılar, böyük bir qismi isə Azərbaycanda özlərinə yeni yurd-yuva qurdular. Yüz illər boyu formalaşmış adlı-sanlı nəsillərin hərəsi bir tərəfdə özlərinə sığınacaq tapdı, qohumluq bağları qırıldı, yeni mühitdə yeni adət-ənənələrə uyğunlaşmaq məcburiyyətində qaldılar. Daşnakların hakimiyyəti dövründə şəhəri tərk etmiş azərbaycanlıların yalnız bir qismi Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra İrəvana qayıda bilmişdi. Bütün zamanlarda bu ərazidə çoxluq təşkil edən azərbaycanlılar öz doğma yurd-yuvalarında “milli azlığa” çevrilmişdilər.
Ermənistan Xalq Komissarları Soveti 1920-ci il dekabrın 9-da məktəblərin kilsədən və məsciddən ayrılması və dövlətin ixtiyarına verilməsi barədə dekret vermişdi. Ermənistan Xalq Maarif Komissarlığının 17 dekabr 1920-ci il tarixli əmrində təlimin məktəblərdə ana dilində və pulsuz olacağı qərara alınmışdı. Ermənistan XMK-nin 23 aprel 1921-ci il tarixli qərarına əsasən azərbaycanlıların öz dillərində təhsil alması, erməni və xarici dillərdən birinin məcburi tədris edilməsi təsbit edilmişdi.
Ermənistanda yaşayan digər xalqların arasında aparılan mədəni-maarif işlərinə rəhbərlik etmək üçün 1921-ci ilin sonlarında Ermənistan K(b)P MK-nın təbliğat-təşviqat şöbəsinin nəzdində azlıqda qalan millətlərlə işi gücləndirmək üçün türk bölməsi yaradılmışdı. Həmin bölməyə əvvəlcə sabiq İrəvanlı, Azərbaycandan gəlmiş Məmmədəli Nasir, sonra isə 1921-ci ildə Azərbaycandan rəhbər vəzifəyə göndərilən, Ermənistan xalq daxili işlər komissarının müavini, daha sonra isə xalq ictimai təminat komissarı olmuş Bala Əfəndiyev rəhbərlik etmişdi. Sonralar Ermənistan Xalq Maarif Komissarlığının nəzdində fəaliyyət göstərən “Azlıqda qalan millətlər bürosu” 1932-ci ilin iyunundan “Azlıqda qalan millətlər şurası”na çevrilmişdi. Ermənistanda yaşayan azərbaycanlılar arasında savadsızlığın ləğv edilməsində “Azlıqda qalan millətlər şurası”nın xüsusi rolu olmuşdu. 1924-cü il aprelin 28-də İrəvanda Yeni Türk Əlifba Komitəsi yaradılmışdı. Bala Əfəndiyevin rəhbərlik etdiyi Yeni Türk Əlifba Komitəsi Ermənistanda azərbaycanlı əhali arasında savadsızlığın ləğv edilməsində çox iş görmüşdü.
Ermənistanda sovet hakimiyyətinin qurulmasından sonra təhsilin inkişafı üçün əməli tədbirlər həyata keçirilməyə başlanılmışdı. Azərbaycanlı məktəblərinin müəllimə olan ehtiyacını təmin etmək üçün qısa müddət ərzində İrəvanda və Gümrüdə kurslar təşkil edilmişdi. Bəzi müəllimlər ixtisaslarını artırmaq üçün Bakıya göndərilmişdilər. Əgər 1922-ci ildə Ermənistanda təhsil Azərbaycan dilində olan 32 məktəb var idisə, 1923–24-cü tədrisi ilində onların sayı 104-ə çatmışdı.
Sovet hakimiyyətinin ilk illərində İrəvan şəhərində azərbaycanlı qızlar məktəbində, keçmiş Haşım bəy Nərimanbəyovun məktəbinin bazasında fəaliyyət göstərən Məşədi Əzizbəyov adına məktəbdə (bu məktəbi irəvanlılar Haşım bəyin məktəbi adlandırırdılar), əvvəllər S.M.Kirov adına olan və sonralar Mizə Fətəli Axundovun adını daşıyan məktəbdə və şəhərdəki digər iki beynəlmiləl məktəbdə azərbaycanlı uşaqlar təhsil alırdılar. İrəvan şəhərində savadsızlığı ləğvetmə kursları açılmışdı. 1923-cü ildən fəaliyyət göstərən İrəvan Qadınlar Klubu savadsızlığın ləğv edilməsində və evdar qadınlara peşə öyrədilməsində xeyli iş görmüşdü.
1925-ci il mayın 30-da Əzizbəyov adına məktəbdə Ermənistandakı Azərbaycan məktəblərinin müəllimlərinin respublika müşavirəsi keçirilmiş, yeni əlifbanın təlim üsullarının bəzi cəhətlərinə aydınlıq gətirilmişdi. Həmin il avqustun 25-də Gümrüdə (Leninakanda) Ermənistandakı Azərbaycan məktəblərinin müəllimlərinin qurultayı keçirilmişdi. 1930-cu ildə ümumicbari ibtidai təhsilin tətbiqinə başlanılmışdı. 1930–1931-ci tədris ilində Ermənistanda 971 məktəb mövcud idi ki, orada 132.300 şagird təhsil alırdı. Bunlardan 162-i azərbaycanlı məktəbi idi və onlarda 9536 şagird təhsil alırdı. 1936-cı ildə Ermənistandakı Azərbaycan məktəblərində işləyən 541 müəllimdən yalnız 5-nin ali təhsili var idi ki, onlar da İrəvan şəhərindəki məktəblərin müəllimləri idilər. 1935-ci ildə Gümrüdə (Leninakanda) Azərbaycan dilində qiyabi ikiillik Müəllimlər İnstitutu açılmışdı. Sonradan həmin institut Dilican şəhərinə köçürülmüş və daha sonra bağlanmışdı. İkiillik Müəllimlər İnstitutunda Bakıdan göndəriləm müəllimlər dərs deyirdilər.
Ermənistanda sovet hakimiyyəti qurulsa da, azərbaycanlılara qarşı məkrli siyasət üstüörtülü şəkildə davam etdirilirdi. Ermənistanın kommunist qiyafəsinə bürünmüş millətçi rəhbərləri milli ayrı-seçkilik edir, azərbaycanlı əhalini başsız qoymaq üçün ilk növbədə onların ziyalılarını müxtəlif yollarla sıradan çıxarırdılar. XX əsrin 20–30-cu illər repressiyası bütöv Ermənistanda olduğu kimi, İrəvanda yaşayan azərbaycanlı ziyalıların və din xadimlərinin də sıralarının seyrəlməsinə səbəb olmuşdu. Ermənistan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Şurasının 18 iyun 1928-ci il tarixli qərarı ilə azərbaycanlıların dini mərasimlərinin istər məscidlərdə, istərsə də digər dini ibadət yerlərində keçirilməsinə qadağa qoyularaq cinayət əməli hesab edilmişdi. Bundan sui-istifadə edən Ermənistanın hüquq-mühafizə orqanları yüzlərlə azərbaycanlı din xadiminin saxta ittihamlarla repressiyaya məruz qoyulmalarına nail olmuşdular. İlk təhsilini İrəvanda alan, sonra Bağdadda və Nəcəfdə təhsilini davam etdirən, ərəb və fars dillərinə mükəmməl yiyələnən məşhur şərqşünas, “Hadi”, “Səfa” təxəllüsü ilə ərəb, fars və Azərbaycan dilində şeirlər yazan Mirzə Hüseyn ağa repressiyaya məruz qoyularaq 1938-ci ildə Rusiyanın Kaluqa şəhərinə sürgün edilmiş, təqribən 70 yaşında orada vəfat etmişdir. Hüseyn Cavidlə, Bəkir Çobanzadə ilə dostluq edən, Rusiya və İrandakı şərqşünaslarla məktublaşan Mirzə Hüseyn ağanın irsini də ermənilər müsadirə edərək məhv etmişdilər.
İrəvanlı ziyalılardan “Qızıl şəfəq” qəzetinin redaktoru Mustafa Hüseynov saxta ittihamla həbs edilərək güllələnmiş, qəzetin digər əməkdaşlarından İbrahim Əliyev, şair Abbas Azəri, İsmayıl Əliyev, Abdulla Mirzəyev repressiyaya məruz qoyulmuşdular. 1930–1935-ci illərdə İrəvan Türk Pedaqoji texnikumunun 102 nəfər tələbə və müəllimləri “bəy”, “xan”, “mülkədar”, “qolçomaq”, “kulak” damğası ilə repressiyaya məruz qoyulmuşdular.
1924-cü ildən fəaliyyət göstərən, Ermənistandakı Azərbaycan məktəbləri üçün müəllimlər hazırlayan internat tipli İrəvan Türk Pedaqoji Texnikumunun məzunları arasından onlarla akademik, elmlər doktorları, yüzlərlə maarif fədailəri yetişmişdir. Bu təhsil ocağına müxtəlif vaxtlarda Mehdi Kazımov, Bəhlul Yusifov, Həmid Məmmədzadə kimi tanınmış maarif xadimləri rəhbərlik etmişlər. 1936-cı ildən İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi adlanan həmin təhsil ocağı Azərbaycan elminə və maarifinə Yusif Məmmədəliyev kimi bir sıra görkəmli xadimlər bəxş etmişdir.
1926-cı ilin ortalarından etibarən İrəvan Yeni Türk Əlifba Komitəsi və Ermənistan Xalq Maarif Komissarlığının nəzdindəki Azsaylı xalqlarla iş şöbəsinin birgə orqanı olan “Xalq maarifı” adlı pedaqoji məcmuə ayda bir dəfə işıq üzü görməyə başlayır. Bala Əfəndiyevin və Mehdi Kazımovun təşəbbüsü sayəsində nəşr edilən “Xalq maarifı” jurnalı, əsasən, azərbaycanlı müəllimlərin mədəni-maarif və pedaqoji tələbatını ödəmək, tədrisin yeni metod və üsullarla aparılmasına yardım etmək məqsədi daşıyırdı. Jurnalın ayda bir dəfə nəşr edilməsi nəzərdə tutulsa da, 1926-cı ildən 1932-ci ilə qədər cəmi 9 nömrəsi işıq üzü görmüşdü. Ermənistanın şovinist rəhbərliyi azərbaycanlıların mədəni inkişafının qarşısını almaq üçün heç bir əsas olmadan bu jurnalın da fəaliyyətini əvvəlcə əngəlləmiş, sonra isə tamamilə dayandırmışdı.
1928-ci ildən İrəvanda Kənd Təsərrüfatı Texnikumunun azərbaycanlı bölməsi fəaliyyətə başlamış, 1933-cü ildən həmin bölmə müstəqil İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumuna çevrilmişdi. 1937-ci ildən İrəvan Pedaqoji İnstitutunun 3 fakültəsində Azərbaycan bölməsi (dil-ədəbiyyat, fizika-riyaziyyat, tarix-coğrafiya) mövcud idi. “Könüllü köçürülmə” adı altında həyata keçirilən azərbaycanlıların Ermənistandan 1948–1953-cü illər deportasiyası nəticəsində Azərbaycan məktəblərinin şəbəkəsi ciddi dağıntıya məruz qoyulmuş, İrəvan Pedaqoji Texnikumu 1948-ci ildə tələm-tələsik Azərbaycanın Xanlar (indiki Göygöl) rayonuna köçürülmüşdü. İrəvan Dövlət Pedaqoji İnstitutunun və Erməni Dövlət Qiyabi Pedaqoji İnstitutunun azərbaycanlı bölmələri (dil-ədəbiyyat, tarix, fizika-riyaziyyat) müvafiq olaraq Bakıdakı pedaqoji institutlara köçürülmuşdü. Həmin dövrdə İrəvan şəhərində təlim Azərbaycan dilində olan iki orta məktəbin – Kirov adına qızlar və Əzizbəyov adına oğlanlar orta məktəblərinin müəllim və şagird kontingentinin xeyli hissəsi Azərbaycana köçmək məcburiyyətində qalmış, bununla da azərbaycanlı pedaqoji kadrların İrəvan şəhərindən uzaqlaşdırılmasını istəyən Ermənistan rəhbərliyinin çoxdankı arzusu həyata keçmiş oldu.
Yalnız 1954-cü ildə tərkibində iki fakültə (fizika-riyaziyyat və Azərbaycan dili və ədəbiyyatı) olmaqla İrəvan Pedaqoji İnstitutunda yenidən Azərbaycan bölməsi açıldı. İnstitutda yalnız Azərbaycan dili və ədəbiyyatı kafedrası müstəqil fəaliyyət göstərirdi. Kafedraya əvvəlcə tanınmış elm xadimi Əkbər Yerevanlı, onun vəfatından sonra isə Knyaz Mirzəyev rəhbərlik etmişdi. İnstitutun Azərbaycan bölməsində müəyyən fənlərin tədrisi üçün Bakıdan müvafiq ixtisaslı alimlər dəvət edilirdi. 1961-ci ildə İrəvan Pedaqoji İnstitutunda Fizika-riyaziyyat və Ədəbiyyat-tarix fakültələri ləğv edilmiş, əvəzində 25 tələbənin təhsil aldığı İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsi açılmışdı. 1970-ci ildə İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsi də ləğv edilmiş, əvəzində 25 tələbə qəbul edilən Ədəbiyyat-tarix fakültəsi açılmışdı.
1960-cı illərin ortalarından etibarən erməni şovinizminin yenidən baş qaldırması və qədim Azərbaycan məhəllələrində kompakt şəkildə yaşayan azərbaycanlı ailələri şəhərin kənarında salınan yeni qəsəbələrə pərakəndə halında köçürülmələri, azərbaycanlı balalarının şəhərin ucqarlarından mərkəzdəki Azərbaycan məktəblərinə gedib-gələ bilməmələri azərbaycanlı ailələri İrəvan şəhərindən köçüb getməyə məcbur edirdi. Bəzi azərbaycanlı ailələri öz uşaqlarını şəhərdəki rusdilli məktəblərdə oxutdurmaq məcburiyyətində qalırdılar. Bütün bunlar öz növbəsində İrəvan şəhərində azərbaycanlı şagird və müəllim kontingentinin azalmasına səbəb olurdu.
Ermənistan SSR Maarif Nazirliyinin 1981–1982-ci illərdə təlim Azərbaycan dilində aparılan və beynəlmiləl məktəblər haqqında verdiyi məlumata görə Ermənistanda 155 sırf Azərbaycan və Azərbaycan siniflərinin də mövcud olduğu 38 beynəlmiləl məktəblərdə cəmi 48812 azərbaycanlı şagird təhsil almışdır. Həmin dövrdə İrəvan şəhərində mövcud olan bir səkkizillik və bir Azərbaycan orta məktəbində cəmisi 176 şagird təhsil almışdır. Onlardan 36-sı Əzizbəyov adına səkkizillik məktəbdə, 140-ı isə Axundov adına orta məktəbdə oxuyurdular.
İrəvan şəhəri Azərbaycan elminə bir sıra görkəmli şəxsiyyətlər bəxş etmişdir. Uzun müddət Ermənistan SSR Maarif Nazirliyi sistemində işləmiş Nurəddin İbrahimovun tərtib etdiyi siyahıdan məlum olur ki, sovet hakimiyyətinin süqutunadək əslən İrəvan şəhərindən olan, elmin müxtəlif sahələrini əhatə edən 6 akademik, akademiyanın 3 müxbir üzvü, 27 elmlər doktoru və 73 elmlər namizədi yetişmişdir. Bir ənənə olaraq Ermənistan SSR maarif nazirinin müavinlərindən biri azərbaycanlı olurdu. Bu vəzifədə müxtəlif vaxtlarda Rəhim Allahverdiyev, Rza Vəlibəyov, Suren Şərifov, İsrafil Məmmədov işləmişlər.
1988-ci ildə Dağlıq Qarabağda erməni separatizminin baş qaldırması Ermənistanda azərbaycanlıların tamamilə deportasiya olunması və bununla da zəngin ənənəyə malik olan təhsil ocaqlarının birdəfəlik məhv edilməsi ilə nəticələndi. 1988-ci ilin fevralında M.F.Axundov adına İrəvan şəhər Azərbaycan orta məktəbinin binası erməni vandalları tərəfindən yandırıldıqdan sonra məktəbdə tədris prosesinə son qoyuldu. Ümumiyyətlə, 1988–1989-cu illərdə təlim Azərbaycan dilində aparılan 155 məktəb və 38 beynəlmiləl məktəblərdəki Azərbaycan bölmələri bağlandı. 48681 şagird və 3992 müəllim Ermənistandan zorakılıqla deportasiya edildi.
Nazim Mustafa
Tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı