Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. 2022-ci il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.
Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1987–1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplanıldığı və saxlanıldığı yeganə ictimai qurumdur. 1987–1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.
Təşkilat Bakı şəhəri Gülarə Qədirbəyova küçəsi, 9 ünvanında yerləşən ümumi sahəsi 1280 kvadratmetr olan dördmərtəbəli binada yerləşir. Binada 23 iş otağı, iclas və konfrans zalları, habelə müxtəlif yardımçı otaqlar mövcuddur. Binada Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fəaliyyətlərini, habelə Qərbi Azərbaycandan olan görkəmli ziyalılar barədə məlumatları əks etdirən fotostendlər, Qərbi Azərbaycan abidələrinə dair tablolar, 5 arxiv xəritəsi, Ulu Öndərin və Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı nitqlərini əks etdirən videomateriallar nümayiş olunur. Binada, həmçinin Qərbi Azərbaycandan olan elm adamlarının və ədiblərin bu yerlə bağlı elmi, bədii və publisistik əsərləri sərgilənir.
Qərbi Azərbaycan İcması indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur. İcma öz fəaliyyətində indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün fəaliyyətlər həyata keçirən və bu fəaliyyətlərin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edən, beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanaraq, ədalətin və sülhün bərqərar olunmasına xidmət edən “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya – “Qayıdış konsepsi̇yası”nı qəbul etmişdir.
Konsepsiyaya görə icma ötən iki əsr ərzində Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu ədalətsizliyin nəticələrini rədd edir. İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan edir.
Konsepsiya ilə həyata keçiriləcək fəaliyyətin əsas məqsəd və prinsipləri aşağıdakılardır:
• İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi;
• Geriyə qayıtma prosesinin müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınması;
• Geriyə qayıtmış əhalinin yenidən qovulmasına, onlara qarşı hər hansı ayrı-seçkilik həyata keçirilməsinə və zərər vurulmasına imkan verməmək üçün beynəlxalq monitorinq, hesabatlıq, təhlükəsizlik, müdaxilə və digər zəruri fəaliyyətin bərqərar edilməsi;
• Beynəlxalq nəzarət altında yenidənqurma və barışıq tədbirlərinin həyata keçirilməsi yolu ilə, geriyə qayıtmış insanların davamlı reabilitasiya və reinteqrasiyasının təmin edilməsi.
Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyanın yerinə yetirilməsində fəallıq və sahiblik göstərən, bu məqsədlə qanuni çərçivədə resursların əldə olunması üçün səylərini davam etdirən təşkilatdır.
QAİ-nin idarəetmə orqanları:
Ümumi Yığıncaq – QAİ-nin ali idarəetmə orqanıdır.
Müşahidə Şurası – QAİ-nin Nizamnaməsinə uyğun fəaliyyət göstərən idarəetmə orqanıdır. Şura sədrdən, sədr müavinindən və üzvlərdən ibarətdir. Müşahidə Şurasının sədri, onun müavini və şura üzvləri Ümumi Yığıncaq tərəfindən beş il müddətində təyin və vəzifədən azad edilirlər. Müşahidə Şurasına Misir Mərdanov rəhbərlik edir.
Misir Cumayıl oğlu Mərdanov (3 oktyabr 1946, Qərbi Azərbaycan, Karvansara, Göyərçin) – AMEA-nın müxbir üzvü (2017), AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru,Azərbaycan Respublikasının sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor.
İdarə Heyəti – QAİ-nin fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti sədrdən və üç müavindən və üzvlərdən ibarətdir. İdarə Heyətinin sədri, onun müavinləri və şura üzvləri Ümumi yığıncaq tərəfindən beş il müddətində təyin və vəzifədən azad edilirlər. İdarə Heyətinin sədri Əziz Ələkbərlidir.
Əziz Yusif oğlu Ələkbərli (5 oktyabr 1960, Qərbi Azərbaycan, Vedi, Qaralar) – Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Milli Məclisin Əmək və sosial müdafiə və Mədəniyyət Komitələrinin və Toponomiya komissiyasının üzvü, AMEA Folklor İnstitutunda “Qərbi Azərbaycan folkloru” şöbəsinin müdiri, Filologiya üzrə fəlsəfə doktoru, dosent.
Ə.Ələkbərli nəşr olunmuş 500-dən çox elmi və publisistik məqalənin, 46 kitabın, o cümlədən “Qərbi Azərbaycan” adlı 10 cildlik ensiklopedik nəşrin, Azərbaycanda və xaricdə Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəşr olunmuş “Qərbi Azərbaycan abidələri” adlı kitabın müəllifidir. Qədim Türk-Oğuz yurdu – “Ermənistan” kitabı 2009-cu ildə Türkiyədə kütləvi tirajla təkrar nəşr edilmişdir. Bundan əlavə, 100-dən çox kitabın redaktoru, ön sözünün müəllifi və naşiridir.
İcmanın strukturu:
Nəzarət-Təftiş Komissiyası – QAİ-nin Nizamnaməsinə əməl olunmasına və maliyyə fəaliyyətinə nəzarət edir. Nəzarət-Təftiş Komissiyası sədrdən, sədr müavinindən və üzvlərdən ibarətdir. Nəzarət-Təftiş Komissiyasının sədri, onun müavini və şura üzvləri Ümumi yığıncaq tərəfindən beş il müddətində təyin və vəzifədən azad edilirlər. Nəzarət-Təftiş Komissiyasına Vahid Novruzov rəhbərlik edir.
Vahid Tapdıq oğlu Novruzov – (7 yanvar 1950, Qərbi Azərbaycan, Allahverdi) – Azərbaycan alimi, iqtisad elmləri doktoru, professor (2000), Azərbaycan Respublikası Auditorlar Palatasının sədri (1996-h. h.), Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü.
Ağsaqqallar Şurası – QAİ-nin məşvərətçi kollegial qurumudur. Ağsaqqallar Şurası sədr, onun iki müavinindn və üzvlərdən ibarətdir. Ağsaqqallar Şurasının sədri, onun müavinləri və üzvləri İdarə Heyəti tərəfindən beş il müddətində təyin və vəzifədən azad edilirlər. Ağsaqqallar Şurasına Əhliman Əmiraslanov rəhbərlik edir.
Əhliman Tapdıq oğlu Əmiraslanov (17 noyabr 1947, Qərbi Azərbaycan, Basarkeçər, Zod) – Azərbaycan alimi, ictimai-siyasi xadim, cərrah-onkoloq, tibb elmləri doktoru (1984), professor (1989), Azərbaycan Milli Elmlər Akademiyasının (2001) və Polşa Tibb Elmləri Akademiyasının (1998) həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü (2001), AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibi (2007-h.h).
Ziyalılar Şurası – QAİ-nin məşvərətçi kollegial qurumudur. Ziyalılar Şurası sədr, onun iki müavinindn və üzvlərdən ibarətdir. Ziyalılar Şurasının sədri, onun müavinləri və üzvləri İdarə Heyəti tərəfindən beş il müddətində təyin və vəzifədən azad edilirlər. Ziyalılar Şurasına Elxan Hüseynov rəhbərlik edir.
Elxan Bahadur oğlu Hüseynov (1 yanvar 1948, Azərbaycan, Gəncə) – Sumqayıt Dövlət Universitetinin rektoru (06.03.2014 – h.h.), Azərbaycan Respublikasının Türkmənistandakı Fövqəladə və Səlahiyyətli səfiri (2002-2010), Rusiya və Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri, professor.
Qadınlar Şurası – QAİ-nin məşvərətçi kollegial qurumudur. Qadınlar Şurası sədr, onun iki müavinindn və üzvlərdən ibarətdir. Qadınlar Şurasının sədri, onun müavinləri və üzvləri İdarə Heyəti tərəfindən beş il müddətində təyin və vəzifədən azad edilirlər. Qadınlar Şurasına Məlahət Həsənova rəhbərlik edir.
Məlahət İbrahim qızı Həsənova (25 aprel 1958, Qərbi Azərbaycan, Basarkeçər, Kiçik Məzrə) – Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri. Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V və VI çağırış deputatı.Tarix üzrə fəlsəfə doktoru.
Qəyyumlar Şurası – QAİ-nin məşvərətçi kollegial qurumudur. Qəyyumlar Şurası sədr, onun iki müavinindn və üzvlərdən ibarətdir. Qəyyumlar Şurasının sədri, onun müavinləri və üzvləri İdarə Heyəti tərəfindən beş il müddətində təyin və vəzifədən azad edilirlər. Qəyyumlar Şurasına Mürvət Həsənov rəhbərlik edir.
Mürvət Tapdıq oğlu Həsənli (23 noyabr 1970, Qərbi Azərbaycan, Çəmbərək, Ağbulaq) – “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri.
Gənclər Birliyi – QAİ-nin məşvərətçi kollegial qurumudur. Gənclər Birliyi sədr, onun iki müavinindən və üzvlərdən ibarətdir. Gənclər Birliyi sədri, onun müavinləri və üzvləri İdarə Heyəti tərəfindən beş il müddətində təyin və vəzifədən azad edilirlər. Gənclər Birliyinə Ramin Məmmədov rəhbərlik edir.
Ramin Ələmşah oğlu Məmmədov (17 fevral 1979, Qarabağ, Ağdərə) – Azərbaycan Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədr müavini. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri.
İcmanın Aparatı – QAİ-nin strukturuna daxil olan, İcmanın Nizamnamədən irəli gələn səlahiyyətlərinin həyata keçirilməsini təmin edən, habelə İcmanın fəaliyyətinin təşkilati, hüquqi və analitik-informasiya təminatını həyata keçirən qurumdur. İcmanın Aparatı bir şöbə, iki sektor, bir sədr müşaviri, koordinatorlar və texniki heyətdən ibarət olan 35 ştat vahidi daxildir. İcmanın Aparatına Aparatın rəhbəri rəhbərlik edir. Aparatın rəhbəri Qalib Qasımovdur.
Qalib Əhməd oğlu Qasımov (31 mart 1978, Qərbi Azərbaycan, Basarkeçər, Zod) – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sektor müdiri (2006-2021), Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru (2017-2022), “Contemporary Baku” Şirkətinin təsisçisi və direktoru (2022-h.h.), “Auction Baku”nun təsisçisi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru.
Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə rayon və kənd icmaları – ictimai əsaslarla fəaliyyət göstərən, məşvərətçi kollegial qurumlardır. QAİ-nin Qərbi Azərbaycanın rayonları üzrə 22 rayon icması və onların tabeliyində olan kənd icmaları vardır.
Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələr – Azərbaycan Respublikasının rayon, şəhər, şəhər rayonu, qəsəbə və kəndlərdə sıx məskunlaşmış Qərbi azərbaycanlılarla iş aparmaq məqsədilə ictimai əsaslarla fəaliyyət göstərirlər.
Xarici ölkələrdə nümayəndəliklər – xaricdə yaşayan, Qərbi Azərbaycanlılarla iş aparmaq, qayıdış hüququna beynəlxalq dəstəyin təşviq edilməsi məqsədilə bir və ya bir neçə ölkə üzrə İdarə Heyətinin qərarı ilə təsis edilir.