QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycan ərazisi bütöv Azərbaycanın ən qədim, təbiətinə görə ən zəngin bölgələrindən biridir. Keçmişdə Azərbaycanın şimalı ilə cənubunu, bütün Qafqazla Yaxın Şərqi birləşdirən mühüm karvan yollarının üstündə yerləşən, hazırda isə şimaldan Gürcüstan, şərqdən və cənub-şərqdən Azərbaycan Respublikası, qərbdən Türkiyə, cənubdan İranla həmsərhəd olmaqla 29,8 min km² sahəni əhatə edən bu diyar indi Ermənistan kimi tanınsa da, onun ərazisi qədim Türk-Oğuz yurdu, tarixi Azərbaycan torpağıdır. Bu faktı həmin ərazidəki saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, at-qoç heykəlləri, məscid, pir və ocaqlar da təsdiq edir.

Tarixi mənbələr göstərir ki‚ məhz çarizm dövründə ermənilər bura məqsədli və düşünülmüş şəkildə kütləvi halda köçürülərək Çar imperiyası üçün etnik dayaq yaradılmışdır. Bu siyasət rus çarı I Pyotrdan başlamış və sovet-bolşevik hökuməti dövründə də daha ciddi şəkildə davam etmiş və sovet hökumətinin ermənipərəst siyasəti nəticəsində Qərbi Azərbaycan torpaqları qeyri-qanuni şəkildə tamamilə ermənilərə verilərək burada‚ yəni, bu Azərbaycan torpaqları üzərində sovet hökuməti tərəfindən indiki Ermənistan dövləti yaradılmışdır. Amma və lakin heç bir tarixi mənbə burada erməni varlığını və tarixdə hər hansısa bir erməni dövlətinin mövcudluğunu təsdiq etmir. Yəni, bütün tarixi mənbələr Qərbi Azərbaycan torpaqlarının məhz Azərbaycana aid olmasını mötəbər dəlillərlə sübut edir.

Ancaq ermənilərin şovinist, etnik təmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycandakı Azərbaycan izləri dağıdılmış və yerlə-yeksan edilmiş, buranın əzəli sakinləri olan azərbaycanlılara qarşı ermənilər tərəfindən dəfələrlə soyqırımlar törədilmiş, onların izlərinin silinməsi siyasəti həyata keçirilmişdir. XIX əsrin 30-cu illərindən sistemli formada və məqsədli şəkildə həyata keçirilən iz silmə siyasəti daha sonra yeni vüsət almış, minlərlə yerli sakin qətlə yetirilmiş, Azərbaycan toponimləri rəsmi qərarlarla qondarma erməni toponimləri ilə əvəz edilmişdir. Nəhayət, Ermənistanla Azərbaycan arasındakı keçmiş Dağlıq Qarabağ münaqişəsinin alovlanmasından sonra 1987-ci ildən başlayaraq bu ərazilərdə yaşayan azərbaycanlılar zorla və hərbi güc tətbiqi ilə öz dədə-baba torpaqlarından qovularaq ermənilərin etnik təmizləmə siyasətinin qurbanı olmuşlar.

Müstəqilliyimizin bərpasından bəri Ermənistanın Azərbaycana qarşı təcavüzünü sona çatdırmaq, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə 27 sentyabr 2020-ci ildə bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəllərində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başlamış, 44 gün davam edən və “Vətən müharibəsi” olaraq adlandırılan müharibə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır.

Vətən müharibəsində parlaq qələbə qazanaraq Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışı qətiyyətlə gerçəkləşdirən Azərbaycan dövlətinin növbəti tarixi hədəfi qərbi azərbaycanlıların pozulan hüquqlarını bərpa edərək onları əzəli yurdlarına qaytarmaq olmuşdur. Məhz bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı qətiyyətlə vurğulamışdır ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.

Cənab Prezident İlham Əliyevin irəli sürdüyü “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”ndan ilhamlanaraq “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə Təşəbbüslər və Layihələr Mərkəzi (TLM) tərəfindən ərsəyə gələn “Virtual Qərbi Azərbaycan” platforması tarixi qədim Oğuz-Türk yurdu olan Qərbi Azərbaycanla bağlı ensiklopedik məlumatları özündə ehtiva edir və ziyarətçilərə bu regionla bağlı müfəssəl və elmi əsaslarla hazırlanmış məlumatların çatdırılmasını hədəfləyir.