Qədili

Qədili – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, indi Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat)  şəhərindən 43 km cənub-şərqdə, Varsaq dağının ətəyində, Çapan çayının kənarında, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Qədli” kimi, Qafqazın 5 verstlik xəritəsində “Qadılu” fonetik formasında qeyd edilmişdir. Kəndin adı erməni müəlliflərinin əsərlərində “Qədirli” kimi də göstərilir. Kəndin adı 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Vedi nahiyəsinə daxil olan yaşayış məntəqələrinin siyahısında Qədli kəndi kimi qeydə alınmışdır. Kəndin tarixi adı “Qədili” olsa da, Sovet hakimiyyəti illərində “Qədirli” kimi rəsmiləşdirilmişdir.

Kənddə 1831-ci ildə 45 nəfər, 1873-cü ildə 389 nəfər, 1886-cı ildə 497 nəfər, 1897-ci ildə 588 nəfər, 1904-cü ildə 827 nəfər, 1914-cü ildə 839 nəfər, 1916-cı ildə 697 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlar törədilməklə qovulmuşdur. 1926-cı ildən burada yalnız ermənilər yaşamağa başlamışdır.

Toponim türkmənşəli qədili tayfasının adı əsasında yaranmışdır. Qədili tayfası qaşqayların bir tirəsi olmuşdur.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 iyul 1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib “Lancanist” qoyulmuşdur. 7 noyabr 1995-ci il tarixli Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında yeni qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°52′ şm. e., 44°57′ ş. u.