Pürülü – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 26 km şimal-qərbdə, Gığı çayının sol sahilində, dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.
Kənddə 1831-ci ildə 41 nəfər, 1873-cü ildə 138 nəfər, 1886-cı ildə 257 nəfər, 1897-ci ildə 140 nəfər, 1904-cü ildə 467 nəfər, 1914-cü ildə 52 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin törətdikləri soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndin əhalisinin bir qismi öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 126 nəfər, 1926-cı ildə 26 nəfər, 1931-ci ildə 254 nəfər azərbaycanlı yaşamışdır. 1980-ci illərdə kənddə 25-30 azərbaycanlı ailəsi yaşayırdı. 1988-ci il noyabr ayının axırlarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən qırğınlarla müşayiət olunmaqla qovulmuşdur. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim ayrım türk tayfasına aid olan “pürülü” etnonimindən əmələ gəlmişdir.
Ermənistan parlamentinin 4 iyul 2006-cı il qərarı ilə adı dəyişdirilərək “Verin Geğavank” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°13′ şm. e., 46°11′ ş. u.