Polad Ayrım

Polad Ayrım – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Karvansara (İcevan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 30 km cənub-qərbdə, dəniz səviyyəsindən 1050 m hündürlükdə yerləşir. 1930-cu ilin axırlarına kimi keçmiş Dilican rayonunun tərkibində olmuşdur.

Kənddə 1873-cü ildə 290 nəfər, 1886-cı ildə 390 nəfər, 1897-ci ildə 220 nəfər, 1904-cü ildə 263 nəfər, 1914-cü ildə 347 nəfər, 1916-cı ildə 685 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin mart ayında kəndin sakinləri erməni silahlı birləşmələrinin təcavüzünün qurbanı olmuş, qırğınlarla qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz evlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 302 nəfər, 1926-cı ildə 319 nəfər, 1931-ci ildə 452 nəfər, 1939-cu ildə 565 nəfər, 1959-cu ildə 543 nəfər, 1970-ci ildə 755 nəfər 1979-cu ildə 750 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında Ermənistan dövləti tərəfindən azərbaycanlılar deportasiya edilmişdir. Hazırda orada yalnız ermənilər yaşayırlar.

Toponim “polad” sözü ilə ayrım türk tayfasının adı əsasında əmələ gəlmişdir. Sonralar kəndin adında ixtisar edilməklə oykonimin ikinci komponenti “ayrım” türk etnonimi atılaraq “Polad” kimi rəsmiləşdirilmişdir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Xaçardzan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°43′ şm. e., 45°03′ ş. u.