Pirməzrə – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 35 km məsafədə yerləşirdi. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra azərbaycanlı əhalisi tədricən kəndi tərk etmişdir.
Toponim dini məna bildirən “pir” və ərəb dilində “əkin yeri” mənasında işlənən “məzrə” sözlərindən əmələ gəlib “əkin yerində olan pirin yaxınlığındakı kənd” mənasını ifadə edir.
Ermənistan SSR Ali Sovetinin 29 iyun 1949-cu il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Katnarat” qoyulmuşdur. Kənd hazırda ləğv edilmişdir.