Pirmələk

Pirmələk – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 54 km cənub-qərbdə, dəniz səviyyəsindən 1540 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 91 nəfər, 1897-ci ildə 329 nəfər, 1908-ci ildə 164 nəfər, 1914-cü ildə 176 nəfər, 1916-cı ildə 404 nəfər, 1918-ci ilin yanvarında 261 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalan azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. 1918-ci ildən indiyədək burada yalnız ermənilər yaşayırlar.

Toponim dini məna ifadə edən “pir” sözü ilə Mələk şəxs adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Areq”, Ermənistan Parlamentinin 4 iyul 2006-cı il qərarı ilə yenidən dəyişdirilərək “Tatul” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°23′ şm. e., 43°48′ ş. u.