Pircavidan

Pircavidan (Pirdavidan) – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qafandan 37 km şimal-qərbdə, Oxçuçayın sağ sahilində yerləşmişdir. Kəndin adı mənbələrdə “Pirdavdan”, “Pirdovudan” formalarında qeyd edilir. Lakin kəndin əsl adı “Pircavidan”dır.

Kənddə 1831-ci ildə 17 nəfər, 1873-cü ildə 135 nəfər, 1886-cı ildə 223 nəfər, 1897-ci ildə 254 nəfər, 1904-cü ildə 231 nəfər, 1914-cü ildə 360 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdır. Sonralar kənd Qacaran şəhərinə birləşdirilmiş və yaşayış məntəqəsi kimi ləğv edilmişdir.

Toponim Babəkin qəhrəmanlarından olan Cavidanın adı ilə bağlıdır və “Cavidana aid olan pir, Cavidan piri” mənasını ifadə edir.