Paşalı

Paşalı – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 27 km cənub-şərqdə, Arpa çayının sol qolları olan Paşalı çayın və Yazıyurd çayın yanında, dəniz səviyyəsindən 1570 m hündürlükdə yerləşir. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Burada ermənilərlə yanaşı, 1897-ci ildə 39 nəfər, 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə azərbaycanlılar kənddən çıxarılmışlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim paşalı nəsil adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Əzizbəyov”, 8 iyul 1957-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Zaritap” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°38′ şm. e., 45°30′ ş. u.