Paşalı rayonu 1931-ci il oktyabrın 15-də yaradılmışdır. Sahəsi 1173 km² olan rayonun mərkəzi Soylan şəhəri olmuşdur. Buradan İrəvan şəhərinə olan məsafə 139 km-dir.
Rayonun ərazisi tarixi İrəvan xanlığının Dərələyəz mahalına, Çar Rusiyası dövründə isə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasına daxil olmuşdur.
Rayonun adı paşalı nəsil adı əsasında əmələ gəlmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 oktyabr 1956-cı il tarixli fərmanı ilə rayonunun adı dəyişdirilərək “Əzizbəyov” adlandırılmışdır. 1991-ci ildə isə adı yenidən dəyişdirilərək “Vayk” qoyulmuşdur.
1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.