Paşakənd

Paşakənd – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Hazırda vilayət mərkəzi olan Axta (Hrazdan) şəhərindən 15 km şimal-qərbdə, Pəmbək dağının ətəyində, Kəvər çayının yanında, dəniz səviyyəsindən 1750 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Erməni müəlliflərinin əsərlərində kəndin adı erməni dilinə hərfi tərcümə edilərək “Paşaqyuğ” formasında verilmişdir.

Kənddə 1831-ci ildə 76 nəfər, 1873-cü ildə 268 nəfər, 1886-cı ildə 436 nəfər, 1897-ci ildə 490 nəfər, 1908-ci ildə 673 nəfər, 1914-cü ildə 908 nəfər, 1916-cı ildə 712 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq qovulmuş və kəndə 380 nəfər erməni yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə ermənilərlə yanaşı kənddə 69 nəfər, 1926-cı ildə 98 nəfər, 1931-ci ildə 126 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən azərbaycanlılar 1948-ci ildə Azərbaycana köçürülmüşdür. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim Paşa şəxs adı ilə “kənd” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Marmarik” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°34′ şm. e., 44°40′ ş. u.