Pəyhan

Pəyhan – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 31 km şimali-qərbdə, Gığı çayının sol sahilində, dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. “İrəvan əyalətinin icmal dəftəri”ndə Sisyan nahiyəsində “Pexin kəndi” formasında qeydə alınmışdır. Erməni müəlliflərinin əsərlərində “Payahan”, “Payhan”, “Behan” kimi göstərilmişdir. Rus dilində “Payaqan” (Паяган) formasında işlənmişdir.

Kənddə 1897-ci ildə 55 nəfər, 1922-ci ildə 70 nəfər, 1926-cı ildə 71 nəfər, 1931-ci ildə 96 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında azərbaycanlılar tamamilə tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim qədim türk dilində “təpə” mənasında işlənən “bek” sözünün fonetik forması kimi işlənən “pəy” sözü ilə türk dilində “daxma, kaha, mağara” mənasında işlənən “in” sözünün əsasında əmələ gəlmişdir. Toponimin ikinci komponenti “han//an” “in” sözünün dəyişmiş formasıdır.

Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə kəndin dəyişdirilərək “Nor Astğaberd” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°14′ şm. e., 46°06′ ş. u.