Pəmbək

Pəmbək və ya Quşçu dərəsi – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 95 km km şərqdə, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 1975 m hündürlükdə yerləşir. Kənddə albanlara məxsus dini məbədin (kilsənin) və oğuzların qəbiristanlıqlarının xarabalığı müasir dövrümüzə kimi gəlib çatmışdır.

Kənddə 1873-cü ildə 166 nəfər, 1886-cı ildə 237 nəfər, 1897-ci ildə 283 nəfər, 1908-ci ildə 352 nəfər, 1914-cü ildə 392 nəfər, 1916-cı ildə 331 nəfər, 1919-cu ildə 398 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin yazında kənd erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 390 nəfər, 1926-cı ildə 349 nəfər, 1931-ci ildə 512 nəfər, 1987-ci ildə 2000 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırları, dekabr ayının əvəllərində kəndin əhalisi Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim “quşçu” türk etnonimi ilə “iki dağ və ya təpə arasında, eləcə də düzənlikdə uzun dərin çuxur” mənasında işlənən “dərə” sözünün birləşməsindən əmələ gəlmişdir. “Dərədə quşçu tayfasının yaşadığı kənd”mənasını ifadə edir.

Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Pambak” kimi yazılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°23′ şm. e., 45°31′ ş. u.