Pəmbək – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Böyük Qarakilsə (Quqark) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 7 km şimal-şərqdə, Böyük Qarakilsə–Allahverdi yolunun 25 kilometrliyində, dəniz səviyyəsindən 1200 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. 1920-ci ildən sonra xaricdən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər.
Toponim iki komponentdən ibarətdir. Birinci komponent qədim türk dilində “dar keçid” mənasında işlənən “paam” // “baam” // “bom” // “boom” və ikinci komponent “təpəlik”, “yüksəklik, zirvə, başlanğıc, hündürlük” mənasında işlənən “bak” (→bək) sözündən ibarətdir. “Dar keçid yanındakı təpəlik, yüksəklikdə, zirvədə olan kənd” mənasını ifadə edir. “Bak” (→bək) türk dilində “təpə tirələri” mənasında işlənən “baku” sözündən özünü göstərir.
Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Pambak” kimi yazılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°50′ şm. e., 44°33′ ş. u.