Ozanlar

Ozanlar – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunun, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd. Axta yaşayış məntəqəsindən 10 km cənub-qərbdə, Alapars kəndinin yaxınlığında, Zəngi çayının sahilində yerləşmişdir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 15 nəfər, 1873-cü ildə 179 nəfər, 1886-cı ildə 229 nəfər, 1897-ci ildə 288 nəfər, 1908-ci ildə 357 nəfər, 1914-cü ildə 416 nəfər, 1916-cı ildə 455 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq kənddən qovulmuşlar. 1918–1919-cu illərdə Türkiyədən gələn erməni ailələri kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar kəndlərinə qayıda bilmişdilər. 1922-ci ildə kənddə 118 nəfər azərbaycanlı, 1939-cu ildə 198 nəfər, 1959-cu ildə 111 nəfər azərbaycanlı və erməni yaşamışdır. 1960-cı ildə kəndin azərbaycanlı sakinləri deportasiya olunmuş və kənd ləğv edilmiş, azərbaycanlılara məxsus tarixi abidələr dağıdılmışdır. İndi kəndin yeri əkin sahəsinə çevrilmişdir.

Toponim “Kitabi-Dədə Qorqud” dastanlarında aşıq mənasında işlənən “ozan” sözünə, cəmlik, topluluq bildirən “-lar” şəkilçisi artırmaqla düzəldilmişdir.