Oxtar

Oxtar – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 22 km şimal-qərbdə, Oxdar çayının sol sahilində, dəniz səviyyəsindən 1070 m hündürlükdə yerləşir. Kəndin adı mənbələrdə “Oxdar” kimi də qeyd edilir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində Zəngəzurda Yuxarı Oxtar və Aşağı Oxtar kənlərininn olduğu göstərilir. Görünür, sonralar bu iki kənd Oxtar adıyla birləşdirilmişdir.

Kənddə 1831-ci ildə 28 nəfər, 1873-cü ildə 195 nəfər, 1886-cı ildə 338 nəfər, 1897-ci ildə 508 nəfər, 1904-cü ildə 454 nəfər, 1914-cü ildə 353 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra, 1922–1924-cü illərdə kəndin sakinləri öz doğma yurd-yuvalarına qayıda bilmişlər. Burada 1926-cı ildə 85 nəfər, 1931-ci ildə 164 nəfər, 1939-cu ildə 162 nəfər, 1959-cu ildə 156 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən tamamilə tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim qədim türk dilində “boy, qəbilə” mənasını verən “ox” (→ ok) sözünə dialekt və şivələrimizdə cəm şəkilçisi kimi işlənən “-tar”//“-dar” (Azərbaycan ədəbi dilində “-lar”, “-lər”) şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir.

Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı eynilə “Oxtar” kimi yazılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°16′ şm. e., 46°45′ ş. u.