Oxçuberd

Oxçuberd – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 52 km cənub-qərbdə, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşir. Toponim əvvəlinə “v” samiti sonradan artırılmışdır. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə İrəvan qəzasının İrəvan nahiyəsində Oxçaberd kəndi olduğu göstərilir. “Oxçubert” kəndin ilkin və qədim adıdır.

Kənddə 1831-ci ildə 73 nəfər, 1873-cü ildə 180 nəfər, 1886-cı ildə 143 nəfər, 1897-ci ildə 171 nəfər, 1904-cü ildə 156 nəfər, 1914-cü ildə 298 nəfər, 1918-ci ilin yanvarında 493 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd sakinləri erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. Kəndə Türkiyədən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 38 nəfər, 1926-cı ildə 38 nəfər, 1931-ci ildə 28 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim “Kitabi-Dədə Qorqud”da adı çəkilən Ənsə Qoca oğlu Oxçu adının əsasında yaranan oxçu türk etnoniminə türk dilində “çətin keçilən yer, əl çatmaz yer” mənasında işlənən “bert” (→berd) sözünün qoşulması ilə əmələ gəlmişdir. “Oxçu tayfasına məxsus yaşayış yeri” mənasını bildirir. Bert sözü urartu dilində “şəhər” mənasında patar formasında işlənmişdir.

Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Voğçaberd” kimi yazılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°09′ şm. e., 44°38′ ş. u.