Oxçu

Oxçu – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Rayon mərkəzindən 32 km şimalda, Oxçuçayın sahilində yerləşmişdir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 143 nəfər, 1873-cü ildə 541 nəfər, 1886-cı ildə 1122 nəfər, 1897-ci ildə 1246 nəfər, 1904-cü ildə 1709 nəfər, 1914-cü ildə 200 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Kənddə xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada ermənilərlə yanaşı 1922-ci ildə 16 nəfər, 1926-cı ildə 13 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə azərbaycanlılar sıxışdırılaraq tarixi-etnik torpaqlarından qovulmuşlar. Sonradan kənd ləğv edilib.

Toponim “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən oğuz qəhrəmanı Ənsə Qoca oğlu Oxçu şəxs adı ilə bağlı əmələ gəlmişdir.