Oxçoğlu

Oxçoğlu – keçmiş Qars vilayətinin Qars qəzasının Şörəyel nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Arpaçayın sağ sahilində, Vilayət mərkəzi Gümrü şəhərindən 10 km şimal-qərbdə, dəniz səviyyəsindən 1630 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Erməni müəlliflərinin əsərlərində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir. Qarapapaqlar müstəqil xalq yox, azərbaycanlıların etnoqrafik qrupu, türk tayfalarından biridir. Kənddə 1886-cı ildə 551 nəfər, 1897-ci ildə 747 nəfər, 1908-ci ildə 935 nəfər, 1914-cü ildə 980 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci il ilin fevralında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisinin bir qismi Qars vilayətinə, bir qismi də İranın Gümrüdəki konsulluğu vasitəsilə İranın Urmiya və Səlmas əyalətlərinə köç etmişdir. 1921-ci il Qars müqaviləsindən sonra kənd əhalisinin bir qismi kəndə qayıtmışdır. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra, 1921-ci il Qars müqaviləsinə əsasən kənd Ağbaba nahiyəsinin tərkibində Aleksandropol qəzasına daxil edilmişdir. 1922-ci ildə kənddə 453 nəfər, 1926-cı ildə 704 nəfər, 1931-ci ildə 893 nəfər, 1939-cu ildə 1093 nəfər, 1959-cu ildə 1032 nəfər, 1970-ci ildə 1412 nəfər, 1979-cu ildə 1504 nəfər, 1987-ci ildə 1670 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin sonu, 1989-cu ilin əvvəllərində azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. Hazırda kənddə, əsasən, Gürcüstanın Axılkələk, Boqdanovka (Ninosminda) rayonlarından, Gümrü şəhərinin ətraf kəndlərindən köçüb gələn ermənilər məskunlaşmışlar.

Toponim “Kitabi-Dədə Qorqud” dastanlarında (XII boy) adı çəkilən Ənsə Qoca oğlu Oxçu adının əsasında formalaşan “oxçuoğlu” etnonimindən əmələ gəlmişdir. “Oxçu” şəxs adı sonralar etnoniminə çevrilmişdir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Voxçi” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°48′34″ şm. e., 43°45′10″ ş. u.