Ovandərə

Ovandərə – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Cəlaloğlu (Stepanavan) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 39 km şimal-qərbdə, Ovandərə çayının yanında, dəniz səviyyəsindən 1440 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.

Toponim Azərbaycan dilində “düzənlik, düzəngah, düzən yer” mənasında işlənən “ova” sözü ilə, “çay yatağı, çayın axdığı yer” mənasında işlənən “dərə” sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1950-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Hovanandzor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°01′ şm. e., 44°31′ ş. u.