Oşakan

Oşakan (Üşəyən) – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 5 km cənub-qərbdə, dəniz səviyyəsindən 1020 m hündürlükdə yerləşir. Kəndin ilk adı “Uşakan” olmuşdur. 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə “Uşakan” formasında, Qafqazın beşverstlik xəritəsində “Uşakan” və “Oşaqan” formalarında qeydə alınmışdır. Yerli əhali – azərbaycanlılar kəndin adını “Üşəyən” formasında işlədirdilər.

Erməni silahlı dəstələri ilk dəfə 1905-ci ildə kəndə hücum edərək kütləvi qırğınlar törətmiş, vəziyyət sabitləşəndən sonra kəndin sağ qalan əhalisi geri qayıda bilmişdi. 1918-ci ildə azərbaycanlılara qarşı erməni silahlı birləşmələri yenidən qırğınlar törətmiş, əhalisini kənddən didərgin salmışlar.

Toponim türk dilində “düz, hamar” mənasında işlənən “üşəg” sözünə “-ən” şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir.

Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı eynilə “Oşakan” kimi yazılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°15′ şm. e., 44°18′ ş. u.