Ortakilsə

Ortakilsə – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 6 km şimal-qərbdə, dəniz səviyyəsindən 1660 m hündürlükdə yerləşir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. 1937-ci ilədək Gümrü (Leninakan) rayonunun tabeliyində olmuşdur. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Toponim kəndin ərazisindəki dini məbəd – kilsə adı əsasında əmələ gəlmişdir. Həmin ərazidə bir neçə kilsə olduğu üçün toponimə fərqləndirici söz kimi “orta” leksik vahidi əlavə edilib və “Ortakilsə” adlı kənd yaranıb.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Mayisyan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°51′ şm. e., 43°49′ ş. u.