Ortakənd

Ortakənd – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 4 km şimal-şərqdə, Arpa çayın sağ qolu olan Başkəndçayın sahilində, dəniz səviyyəsindən 1350 m hündürlükdə yerləşir.

1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1828–1830-cu illərdə İranın Xoy və Səlmas vilayətlərindən ermənilər köçürülüb burada yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı 1897-ci ildə 17 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır. 1929-cu ildə azərbaycanlılar sıxışdırılaraq kənddən çıxarılmışdır. İndi burada yalnız ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində “iki obyektin arası” mənasında işlənən “orta” sözü ilə “yaşayış məntəqəsi” mənasında işlənən kənd sözündən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10 sentyabr 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Qladzor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°46′ şm. e., 45°20′ ş. u.