Ördəkli

Ördəkli – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Yelenovka (Sevan) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 31 km şimal-qərbdə, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 1925 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır.

Kənddə tarixən azərbaycanlılar yaşamışdır. Zaman-zaman onlar qovulmuş, xaricdən (İran və Türkiyədən) köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər. 1897-ci ildə kənddə ermənilərlə yanaşı 22 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni azərbaycanlı münaqişəsi nəticəsində azərbaycanlılar erməni silahlıları tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşlar. İndi kənddə yalnız ermənilər yaşayırlar.

Toponim türk tayfalarından biri olan qızılbaşlara məxsus “ördəkli” etnonimi əsasında formalaşmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib “Lçaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°31′ şm. e., 44°55′ ş. u.