Öksüz

Öksüz – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 40 km məsafədə, Arpa gölünün şimalında, Gürcüstanın Boqdanovka (Ninosminda) rayonu ilə həmsərhəd, dəniz səviyyəsindən 2200 m hündürlükdə yerləşir.

Erməni müəlliflərinin əsərlərində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir. Kənddə 1886-cı ildə 62 nəfər, 1897-ci ildə 96 nəfər, 1908-ci ildə 153 nəfər, 1914-cü ildə 176 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci ilin fevral ayında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisi qaçqın düşmüşdür. 1921-ci il Qars müqaviləsi ilə kənd Ağbaba nahiyəsinin tərkibində Sovet Ermənistanına daxil edilmişdir. Bundan sonra kənd əhalisinin bir qismi kəndə qayıtmışdır. Kənddə 1922-ci ildə 202 nəfər, 1926-cı ildə 243 nəfər, 1931-ci ildə 270 nəfər, 1939-cu ildə 311 nəfər, 1959-cu ildə 147 nəfər, 1970-ci ildə 241 nəfər, 1979-cu ildə 264 nəfər, 1987-ci ildə 291 nəfər azərbaycanlı yaşamışdır. 1989-cu ilin qışında azərbaycanlılar ermənilər tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşdur. Hazırda kənddə, əsasən, Gürcüstanın Axılkələk və Boqdanovka (Ninosminda) rayonlarından köçüb gələn ermənilər məskunlaşmışlar.

Toponim qədim türk dilində “çay” mənasını bildirən “öküz” sözü əsasında formalaşmışdır. Bu söz həm də “oquz”, “okus”, “oqus” formasında qeyd edilir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Darik” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°07′ şm. e., 43°40′ ş. u.