Oğruca (Əyricə) – tarixi İrəvan xanlığının Göyçə mahalında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Qaraiman kəndinin yaxınlığında yerləşirdi. İ.Şopenin əsərində də Göyçə mahalında ləğv edilmiş kəndlərin siyahısında Oğruca kəndinin adı “Ağrıca” formasında qeyd edilir. Z.Qorqodyan Göyçə mahalında ləğv edilən kəndlərin sırasında Oğruca kəndinin də adını “Ağrıca” kimi çəkir. Əslində, kəndin adını yerli əhali “Əyricə” kimi ifadə etmişdir. Kənd 1826–1828-ci illər Rusiya–İran müharibəsindən sonra dağıdılmışdır. Hazırda xarabalıqdır.
Toponim oğuzlardan olan oğur türklərinin adı əsasında əmələ gəlmişdir.