Nurnus – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzi Axta (Hrazdan) şəhərindən 20 km şimal-qərbdə, dəniz səviyyəsindən 1450 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin adı erməni müəlliflərinin əsərlərində “Nornus” formasında da qeyd edilir.
Kənddə 1873-cü ildə 372 nəfər, 1886-cı ildə 416 nəfər, 1897-ci ildə 550 nəfər, 1904-cü ildə 457 nəfər, 1914-cü ildə 512 nəfər, 1916-cı ildə 642 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuş və Türkiyədən ermənilər köçürülərək kənddə yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişlər. Burada ermənilərdən başqa, 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 61 nəfər, 1931-ci ildə 96 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim monqol dilində “göl” mənasında işlənən “nur”//“nor” sözündən və ərəb dilində “ucu şiş minarəli tikinti” mənasında işlənən “naus” (→nus) sözündən əmələ gəlib “göl, arx, kənarında tikinti” mənasını bildirir. Toponim tərkibindən “nur”//“nor” sözü Azərbaycan dilində “nohur” formasında işlənir.
Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı eynilə “Nurnus” kimi yazılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°21′ şm. e., 44°36′ ş. u.